AZ

HƏMAS girov mübadiləsini təxirə salıb » AzadMedia.az


HƏMAS İsrailin atəşkəs razılaşmasının şərtlərini pozduğunu iddia edərək, girovların azad edilməsini təxirə salıb.
AzadMedia.az xəbər verir ki, daha 3 nəfərdən ibarət qrupun fevralın 15-də İsrail tərəfinə təhvil verilməsi planlaşdırılırdı.
Fələstinin silahlı qruplaşmasının bu qərarına ən sərt reaksiya ABŞ prezidenti D.Trampdan gəlib.

O, girovların azad edilməyəcəyi təqdirdə atəşkəsin tamamilə ləğv ediləcəyini deyib
Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.
Bu barədə hərəkatın hərbi qanadının nümayəndəsi Əbu Ubeydə məlumat verib.

Onun sözlərinə görə, bu qərara səbəb İsrailin razılaşma şərtlərini davamlı şəkildə pozması olub.
"İsrail atəşkəs müqaviləsinin şərtlərinə əməl etməlidir. Onlar, atəşkəs rejimini pozduqca, qanun pozuntularına yol verdikcə, biz də əsirləri azad etməkdən imtina edəcəyik" - Əbu Ubeydə deyib.

HƏMAS hesab edir ki, İsrail anklavın cənubundan şimala köçkünlərin qayıtmasını gecikdirməklə, Qəzza sakinlərinə atəş açmaqla və bütün növ humanitar yardımların çatdırılmasını təmin edə bilməməklə razılaşmanın şərtlərini pozub.

İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ı Qəzza razılaşmasını pozmaqda ittiham edib.
Nazir hərəkatın girovların azad edilməsi prosesinin dayandırılması barədə bəyanatını razılaşmanın pozulması kimi qiymətləndirib.

Qeyd edək ki, yanvarın 19-da atəşkəs başlayandan bəri 16 israilli və 5 taylandlı girov 566 məhbusun müqabilində azad edilib.
42 günlük atəşkəsin ilk mərhələsi ərzində ümumilikdə 33 israilli girovun azad edilməsi gözlənilir.

Seçilən
1
1
azadmedia.az

2Mənbələr