Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Tədbirdə müzakirə edilən birinci məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə bağlı “AMEA-nın Tədbirlər planı”nın təsdiq edilməsi haqqında olub.
Akademik İsa Həbibbəyli bu Sərəncamın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış tarixi qələbə və 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyi tarixi şəraitdə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində və yeni nəsillərin dövlətçilik və azərbaycançılıq ruhu əsasında tərbiyəsində mühüm rol oynayacağını bildirib.
Qeyd edib ki, dövlət başçısının Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən 16 yanvar 2025-ci il tarixli qərar qəbul edilib. Qərarda, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı “AMEA-nın Tədbirlər planı”nın hazırlanması üçün müvafiq təkliflərini AMEA-nın Rəyasət Heyətinə təqdim etmələri tapşırılıb. Akademik İsa Həbibbəyli təqdim olunan təkliflərin Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsi tərəfindən sistemləşdirilərək “AMEA-nın Tədbirlər planı”nın layihəsinin hazırlandığını və bu gün iclasda müzakirəyə çıxarıldığını söyləyib.
Tədbirlər planında “Rəqəmsal dövrdə suverenlik: süni intellekt və kiber məkanın dövlətlərə təsiri”, “Azərbaycan incəsənətində konstitusiya və suverenlik mövzusu”, “Konstitusiya və ana dilimiz”, “Heydər Əliyev və Azərbaycan Konstitusiyası”, “Suverenlik və müstəqillik ideyalarının Azərbaycan ədəbiyyatında əksi”, “44 günlük Vətən müharibəsindən suverenliyin bərpasınadək”, “Azərbaycan dövlətçiliyi klassik əlyazma mətnlərində”, “Azərbaycan arxeologiyası Konstitusiya və Suverenlik ilində: nailiyyətlər və perspektivlər”, “Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin siyasi, sosial-iqtisadi və mədəni inkişafının hüquqi əsası” və s. mövzularda elmi konfransların, seminarların, dəyirmi masaların keçirilməsi, eləcə də bir sıra monoqrafik nəşrlərin hazırlanması yer alıb.
Müzakirələrdən sonra “Konstitusiya və Suverenlik İli” ilə bağlı “AMEA-nın Tədbirlər planı” təsdiqlənib.
İclasda müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamı və AMEA-nın qarşısında duran vəzifələr barədə olub.
AMEA rəhbəri bildirib ki, 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.
Akademik İsa Həbibbəyli Azərbaycanın Dövlət Himninin müəllifi, ilk milli Azərbaycan operasının, operettasının banisi, ilk milli simfonik orkestrın təşkilatçısı Üzeyir Hacıbəylinin yalnız möhtəşəm bəstələri ilə deyil, eyni zamanda Mollanəsrəddinçilərlə bir səviyyədə dayanan zəngin publisistikası ilə XX əsrdə xalqımızın maariflənməsində, vətənpərvərlik ruhda tərbiyə olunmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb.
“Azərbaycanın musiqi tarixində, eləcə də müsəlman və Türk dünyasında adı onunla bir səviyyədə çəkiləcək bəstəkar yoxdur. “Arşın mal alan” operettası dünyanın bir çox ölkəsində səhnəyə qoyulub. Onun doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi yüksək səviyyədə qeyd olunur. Bir sözlə, Üzeyir Hacıbəyli bizim milli iftixarımızdır. Bethoven, Motsart, Şopen, Şubert kimi bəstəkarlar dünyada böyük şöhrətə malik olsalar da, Üzeyir Hacıbəyli kimi çoxşaxəli fəaliyyəti olan bəstəkar yoxdur”, – deyə akademik İsa Həbibbəyli bildirib.
Dahi bəstəkarın zəngin bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının da həyatında mühüm rol oynadığını və 1945-ci ildə Akademiyanın 15 təsisçisindən biri olduğunu deyən natiq Üzeyir Hacıbəylinin Rəyasət Heyətinin üzvü seçildiyini, Azərbaycan musiqi elminə də böyük töhfələr verərək xalq musiqilərimizin nota köçürüldüyünü söyləyib. Hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Üzeyir Hacıbəyliyə məxsus əlyazmaların və onun şəxsi arxivinin mühafizə edildiyini diqqətə çatdırıb.
Bu günə qədər dahi şəxsiyyətin həyatı və yaradıcılığı ilə bağlı bir çox əsərlərin, məqalələrin işıq üzü gördüyünü söyləyən akademik İsa Həbibbəyli xüsusilə akademik Zemfira Səfərovanın bəstəkarın fəaliyyətini geniş tədqiq edərək nəinki ölkə ictimaiyyətinə, həmçinin dünyaya təqdim etdiyini vurğulayıb. Lakin bununla yanaşı, Üzeyir Hacıbəylinin zəngin həyatını və çoxşaxəli fəaliyyətini tam əks etdirən kollektiv monoqrafiyanın hazırlanmasının zəruri olduğunu söyləyib: “İndiyə qədər Üzeyir Hacıbəyli haqqında yazan musiqişünaslar onun bəstəkarlıq fəaliyyətini, ədəbiyyatşünaslar isə ədəbi yaradıcılığını tədqiq ediblər. Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyətini özündə əks etdirən ümumi bir əsərin, kollektiv monoqrafiyanın hazırlanmasına ehtiyac var və bu, onun 140 illiyinə Azərbaycan elminin tarixi töhfəsi olacaq”.
Akademik İsa Həbibbəyli həmçinin görkəmli bəstəkarın 140 illiyinin başda Türk dünyası təmsilçiləri olmaqla, xarici qonaqların iştirakı ilə böyük bir tədbirlə Akademiyada qeyd olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Eyni zamanda ötən il AMEA kollektivinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında “Leyli və Məcnun” operasına baxışının təşkil olunduğunu, cari ildə də oxşar tədbirin təşkil ediləcəyini bildirib.
Ölkə rəhbərliyinin Üzeyir Hacıbəylinin şəxsiyyətinə daim xüsusi diqqətlə yanaşdığını deyən akademik İsa Həbibbəyli Akademiyanın kollektivi adından bu Sərəncama görə dövlət başçısına minnətdarlığını bildirib, sözügedən sənədin müstəqilliyimizin verdiyi geniş imkanlar işığında dahi şəxsin yaradıcılığının yenidən tədqiq olunaraq gənc nəsillərə və dünyaya təqdim olunmasına imkan verəcəyini söyləyib.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı “AMEA-nın Tədbirlər planı”nın hazırlanması tapşırılıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyəti, AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyər və mənəvi-estetik zənginlik” mövzusunda elmi konfransın təşkil edilməsi qərara alınıb. Həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna və AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr edilmiş birgə monoqrafiyanın hazırlanması tapşırılıb.
İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli Fərmanı və AMEA-nın qarşısında duran vəzifələr də müzakirə edilib.
Akademik İsa Həbibbəyli bildirib ki, “Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın “Dövlət qurumlarının informasiya təhlükəsizliyinə aid əsas parametrlər siyahısının və məqbul hədlərin müəyyən edilməsi, informasiya təhlükəsizliyi mühitinin diaqnostikası” ilə bağlı 1.1.2. bəndinin icraçıları sırasında Azərbaycan Milli Elmlər Akademiyası da var.
Dövlət başçısının Fərmanının digər dövlət qurumları ilə yanaşı, AMEA qarşısında da mühüm vəzifələr qoyduğunu deyən AMEA rəhbəri diqqətə çatdırıb ki, son üç il ərzində Azərbaycan Milli Elmlər Akademiyasında milli maraqları və dünyanın qabaqcıl elmi məktəblərində gedən trend və tendensiyalar nəzərə alınmaqla həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini AMEA-da elektron elmin inkişafı, rəqəmsal elmi informasiya resurslarının işlənilməsinin dəstəklənməsi, süni intellekt texnologiyalarının tətbiqi, elmmetrik araşdırmalar, elektron sənəd dövriyyəsi sisteminin tətbiqinin daha da genişləndirilməsi istiqamətində görülən işlər təşkil edir. Qeyd edib ki, bu istiqamətdə görülən işlərin sistemli və hərtərəfli icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatında Elektron Akademiya şöbəsi yaradılıb, bu şöbə vasitəsilə elmi jurnalların elektron bazalarının, elmi işçilərin virtual profillərinin, Rəqəmsal İnformasiya Resursları Sisteminin yaradılması, ilkin istinad hesablamalarının formalaşdırılması istiqamətində zəruri addımlar atılıb. Həmçinin AMEA-nın Rəyasət Heyətinin müvafiq qərarı ilə AMEA-nın qurumlarında elektron xidmətlər şöbəsi yardılıb.
Akademik İsa Həbibbəyli süni intellekt və rəqəmsal texnologiyalar sahəsində inkişafın bu gün dünya dövlətlərinin başlıca hədəfləri olduğunu və Prezident İlham Əliyevin Fərmanının Azərbaycanın da bu sahədə mühüm nailiyyətlər əldə etməsinə təkan verəcəyini söyləyib.
AMEA rəhbəri, həmçinin elektron xidmətlər şöbələrinin fəaliyyətlərinin daha da gücləndirilməsi, mövcud kadrların təkmilləşdirmə təlimlərinə göndərilməsi və s. istiqamətlərdə tapşırıqlarını verib.
Daha sonra AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev sözügedən məsələ ilə bağlı çıxış edib. Akademik Rasim Əliquliyev qeyd edib ki, bu Konsepsiya ölkəmizdə yaxın gələcəkdə rəqəmsal dövlətin formalaşması istiqamətində qəbul olunmuş çox mühüm strateji, həm də faktiki vəzifələri müəyyənləşdirən sənəddir.
Azərbaycanda bu istiqamətin əsaslarının 2000-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran akademik Rasim Əliquliyev “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nın qəbul olunması ilə informasiya cəmiyyəti ideologiyasının Azərbaycan cəmiyyətində formalaşması istiqamətində dövlət siyasətinin rəsmi olaraq bəyan edildiyini vurğulayıb. Bildirib ki, ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində mühüm addımlar atılıb, bir çox uğurlar, nailiyyətlər əldə edilib, elektron hökumət formalaşdırılıb və dünyanın aparıcı qlobal reytinqləri də bunu təsdiqləyir.
Natiq “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın “Konstitusiya və Suverenlik İli”ndə qəbul edilməsinin mühüm addım olduğunu, qəbul edilmiş sənədin dövlət qurumlarının rəqəmsal fəaliyyətinin vahid mərkəzdən idarəsinə və sistemləşdirilməsinə təkan verəcəyini söyləyib.
İclasda qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyətinin elmi bölmə və mərkəzlərinə, nəzdindəki təşkilatlara Fərmanın icrası ilə bağlı təkliflərin hazırlanaraq, AMEA Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud Azərbaycan Milli Elmlər Akademiyasının vəzifə nomenklaturasını təqdim edib və sözügedən sənəd Rəyasət Heyəti tərəfindən təsdiq olunub.
Həmçinin “AMEA-nın və əhatə etdiyi elm sahələri üzrə elm və təhsil müəssisələrinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi” haqqında da geniş müzakirələr aparılıb.
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri hesabatların hazırlanmasına dair Akademiya rəhbərliyinin qoyduğu tələblərə dair məlumat verib.
İclasda AMEA-nın və əhatə etdiyi elm sahələri üzrə elm və təhsil müəssisələrinin gələcəkdə təqdim edəcəkləri mühüm elmi nəticələrin qiymətləndirilməsi meyarlarının müəyyənləşdirilməsi məqsədilə akademik İsa Həbibbəylinin sədrliyilə komissiya yaradılıb.
Həmçinin “AMEA-nın və əhatə etdiyi elm sahələri üzrə elm və təhsil müəssisələrinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi” çapa tövsiyə olunub. Bundan əlavə, AMEA “Elm” Nəşriyyatının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı təsdiqlənib.
İclasda kadr məsələsinə də baxılıb. AMEA-nın Rəyasət Heyətinin qərarı ilə filologiya elmləri doktoru Hikmət Quliyev AMEA-nın Folklor İnstitutunun direktoru vəzifəsinə təsdiq edilib.
Eyni zamanda akademik Adil Qəribovun 75, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun 70, AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın 75 və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 75 illiyi haqqında qərarlar qəbul olunub.
İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Rasim Əliquliyev, Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, tarix elmləri doktoru Zemfira Hacıyeva, professor İlham Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Sonda çıxış edən akademik İsa Həbibbəyli iclasda qeyd edilən məsələlərin, aparılan islahatların yeniləşən Akademiyanın prioritet tərkib hissələrindən olduğunu və AMEA-nın bundan sonra da dövlət başçısının alimlərimiz qarşısında qoyduğu vəzifələrin icrası istiqamətində fəaliyyətlərini inamla davam etdirəcəklərini bildirərək iclasa yekun vurub.