AZ

“Araz-Naxçıvan”dan vacib xal itkisi – “Kəpəz” artırır

“Araz-Naxçıvan” Premyer Liqanın XXII turunda “Kəpəz”lə heç-heçə edib – 0:0.

Muxtar Respublika təmsilçisi bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkir. Avrokuboklara vəsiqəyə əsas namizədlərdən olan Elmar Baxşıyevin yetirmələri “Zirə” və “Turan Tovuz”un məğlub olduğu turda vacib xal itkisi ilə üzləşdi. Elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”in müqavimətini qıra bilməyən “Araz-Naxçıvan” bir xalla kifayətlənməli oldu.

Görüşdən öncə meydan sahibləri favorit göstərilsə də, qonaqlar ciddi müqaviməti ilə diqqət çəkdi. İlk hissədə hər iki komandanın fərqlənməkçün şansları olsa da, fasilədən sonra daha sakit oyunun şahidi olduq. “Araz-Naxçıvan” demək olar, fasilədən sonra qapıya dəqiq zərbə endirə bilmədi. Komanda növbəti turda “Turan Tovuz”la səfərdə üz-üzə gələcək. Kritik görüş öncəsi itirlən xallara komanda üçün gələcəkdə çətinlik yaşada bilər.

“Kəpəz” isə xallarını artırmaqda davam edir. Autsayder “Səbail”lə iki xallıq fərq var. “Dənizçilər” bu gün “Qarabağ” səfərində olacaq və məğlubiyyəti gözlənilir. Bu fonda “Araz-Naxçıvan” kimi avrokuboklara iddialı komandadan bir xal almaq “Kəpəz” üçün üç xala bərabər sayıla bilər. Gəncə təmsilçisi növbəti turda “Şamaxı”nı qəbul edəcək və qazanılacaq qələbə komandanı 8-ci pilləyə yüksəldə bilər.

Şahin Cəfərov

Seçilən
2
futbolpress.az

1Mənbələr