AZ

Yeni dövrün Azərbaycanının əsas çağırışı:Rəqabətli insan kapitalını formalaşdırmaq və müasir innovasiyalar məkanına çevrilmək

Heydər Əliyev Fondunun İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı və Həmdan bin Rəşid Al Məktum Fondunun 4-cü birgə "Həmdan-ICESCO" mükafatının qalibləri sırasında yer alması bir daha bu qurumun təhsil və sosial müdafiə sahəsində atdığı addımların, həyata keçirdiyi layihələrin təqdimatı oldu

Uğurların əsasında möhkəm təməlin dayanması Azərbaycanın bugünkü reallıqlarında bir daha özünün aydın ifadəsini tapır. Ölkəmizin hər dövrün çağırışlarını yüksək səviyyədə reallaşdırması, hərtərəfli inkişafı şərtləndirən əsas amillərdən biri kimi kompleks tədbirlərin həyata keçirilməsi yeni-yeni hədəflərə yol açır. Yeni dövrün yeni hədəflərinin müəyyənləşdirilməsində mühüm rol oynayan 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra cənab İlham Əliyev andiçmə mərasimində bu çağırışı etdi ki, qarşıda dayanan bütün işləri görmək üçün iqtisadiyyat inkişaf etdirilməlidir.

Azərbaycanın 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək keçilən yolun təhlili iqtisadi inkişafın prioritetliyinə işıq salır. Zəngin təbii resurslara malik olan Azərbaycan onlardan səmərəli istifadə etməklə həm iqtisadi, həm də siyasi mövqeyini daha da möhkəmləndirir. Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bütün dövrlərdə öz aktuallığını qorumaqla həyata keçirilən siyasətin əsasında dayanır. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev dövrün tələbinə uğun olaraq bu hədəfi açıqladı ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Biz neft kapitalını insan kapitalına çevirməliyik! Bu mühüm məqam da xüsusi vurğulandı ki, neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcək. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.

Bu çağırışlar ölkənin inkişafında təhsilin roluna işıq saldı. Ölkəmizdə elmin, təhsilin və iqtisadiyyatın vəhdətinin yaradılması fonunda uğurlu inkişafa nail olaraq yeni hədəflər müəyyənlşdirilir. Dövlət büdcəsindən ayırmalarda da təhsil xərcləri xüsusi yer tutur. Müdafiə xərclərindən sonra ikinci yerdə təhsil xərclərinin dayanması bir daha belə bir reallığı təsdiqləyir ki, hər bir ölkənin inkişafında müdafiə gücünün artırılması ilə yanaşı, təhsil, texniki tərəqqi əsasdır. Hazırkı dövrdə əsas hədəflərdən birinin azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin olduğunu da nəzərə alsaq burada da diqqət göstərilən əsas məsələlərdən biri təhsil müəssisələrinin bərpası və yenidən tikilməsidir. Bir sözlə, sosial layihələrin uğurlu icrası dövlətimizin iqtisadi siyasətində mühüm yer tutur.

Bu ilin 7 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində “Büdcə parametrləri də hər bir ölkənin iqtisadi potensialını əks etdirir: həm parametrlər, həm dinamika. Bu ilin büdcəsi rekord səviyyədədir” söyləyən cənab İlham Əliyev bildirdi ki, büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb: “Bütün bu amilləri sadalayaraq bir daha göstərmək istəyirəm ki, biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Mən dəfələrlə bildirmişdim və artıq hesab edirəm ki, bunu hər kəs görür, hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi cəhətdən, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara bilərsən. Ona görə bütövlükdə, əlbəttə ki, bir çox digər parametrlər var. Amma əsas iqtisadi göstəricilər bundan ibarətdir. Təbii ki, bu, bizə imkan verir ki, sosial proqramları daha fəal icra edək.”

Sosial müdafiənin gücləndirilməsindən bəhs edərkən bu rəqəmi də açıqlamalıyıq ki, bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın, Şərqi Zəngəzurun bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də diqqət yetirmək, əlbəttə ki, siyasətimizin mahiyyətini göstərir. Cənab İlham Əliyev bildirir: “Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, - hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, - yəni, bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik.”

Onu da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində yüksək inkişafa nail olmuşuq. Qeyd etdiyimiz kimi, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Son illərdə təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb. Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına xidmət edən addımları, təşəbbüsləri ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri təhsilin inkişafı ilə bağlı layihələrin uğurlu icrasıdır. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2 mindən artıq məktəb yenidən tikilib, yaxud bərpa edilib. “Hər şagirdə bir kompyuter” prinsipi təhsilin inkişaf səviyyəsinin, yeni texnologiyaların inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Ölkə Prezidentinin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilmişdir. Dövlətimizin möhkəm siyasi, iqtisadi təməllər üzərində qurulması və dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilməsi innovasion cəmiyyət quruculuğu prosesini daha da sürətləndirir. Azərbaycanın beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi nüfuz qazanması da bunun bariz nümunəsidir.

“Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olundu. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənmişdir. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət Proqramı çərçivəsində hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək. Bu statistik rəqəm də açıqlanır ki, 2024-2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb. Ümumilikdə, proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 151 ali təhsil müəssisəsində 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb. Bunlardan dünyanın 14 ölkəsinə aid 64 nüfuzlu ali təhsil müəssisəsində təhsilini başa vuran 186 nəfər Dövlət Proqramı məzunu olub. 2025-2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər. Siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə isə 3094 proqram yer alır.

Qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondu da müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirir. Bunlardan elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələri xüsusi qeyd edə bilərik. Gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılması, qabiliyyətlərini göstərmələri, inkişaf etmələrinə dəstək olmaq, hərtərəfli biliklərə yiyələnmək əsas prioritetlər sırasındadır. Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsinin təşkilinə, ölkənin yaradıcı və elmi potensialının artırılmasına da xüsusi diqqət göstərilir.

Bu günlərdə Heydər Əliyev Fondunun nüfuzlu beynəlxalq mükafata layiq görülməsi də özündə əsas məqamları ehtiva edir. Belə ki, təhsil və sosial müdafiə sahəsində irimiqyaslı layihələri ilə tanınan Heydər Əliyev Fondu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Həmdan bin Rəşid Al Məktum Fondunun 4-cü birgə "Həmdan-ICESCO" mükafatının qalibləri sırasında yer alıb. Mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə töhfələrə görə təqdim edilir. Bu il yeddi ölkədən doqquz təhsil təşəbbüsü birincilik uğrunda mübarizə aparıb. Heydər Əliyev Fondu təkcə İslam dövlətlərində deyil, müsəlman dünyasından kənarda da məktəblərin tikintisi və bərpasını həyata keçirən "Təhsil və sosial müdafiə layihəsi"nə görə mükafata layiq görülüb.

Atılan hər bir addım, qazanılan hər bir uğur dövlətimizin siyasətinin əsas prioritetlərini açıqlayır. Yüksək keyfiyyətli təhsil məşğulluğun təmin olunmasının, iqtisadi səmərəliliyin, yoxsulluq riskinin azalmasının və nəhayət həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtlərindən biri hesab olunur. Tarixi Zəfərimizdən sonra təsdiqlənən və 5 əsas hədəfi özündə ehtiva edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də əsas çağırışlardan biri “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”dır. Sənəddə qeyd edilir ki, gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması üçün üç məqsədə nail olunmalıdır: XXI əsrin tələblərinə uyğun təhsil; yaradıcı və innovativ cəmiyyət və vətəndaşların sağlam həyat tərzi.

Onu da qeyd edək ki, təhsilin dərəcələri artdıqca məşğulluğun təmin olunması imkanları genişlənir, pul gəlirləri artır, əhalinin həyat səviyyəsi yüksəlir və yoxsulluq azalır. Təcrübə göstərir ki, yüksək bilik və bacarığa malik kadr potensialı olan ölkələrdə yoxsulluq səviyyəsi də aşağı olur. Deməli, keyfiyyətli kadr potensialına malik olmadan iqtisadi inkişafa nail olmaq qeyri-mümkündür. Daha geniş ifadə etsək, cəmiyyətlərin iqtisadi inkişafı təkcə iş və kapitaldan asılı deyil, eyni zamanda, texnologiyanın inkişafı ilə işçi qüvvəsinin texnoloji baxımdan keyfiyyətinin yaxşılaşdırılmasından da asılıdır.

Azərbaycan hər zaman dünyada yenilikçi ölkə kimi tanınır. Bu uğurumuzu şərtləndirən əsas amil, təbii ki, islahatların qaçılmazlığı və onların zamanın tələblərinə uyğun təkmilləşdirilməsidir. Gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızdır. Bu fakt inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təcrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu, təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Azərbaycanın bütün sahələrdə, o cümlədən idarəçilik sahəsində beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi inkişaf modelinin nümunəviliyini təsdiqləyir. O da məlumdur ki, ölkəmiz 2019-cu ildə BMT-nin Dövlət Xidmətləri Forumuna ev sahibliyi etdi. Tədbirdə çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”in, ABAD-ın uğurlarından geniş bəhs edərək bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, biz istedadlı, yüksək motivasiyalı və yaradıcı gənclərimizin ölkənin müasirləşməsində necə yaxından iştirak etməsini görməkdən fərəh hissi duyuruq. Müsbət təcrübəmiz beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmiş və 2015-ci ildə “ASAN xidmət” dövlət xidmətlərinin təchizatının təkmilləşdirilməsi kateqoriyasında BMT tərəfindən mükafata layiq görülmüşdür. Tədbirdə çıxış edənlər Azərbaycanın innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaratdığını önə çəkərək bildirmişdilər ki, sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafə qısaldılıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyət şəffaflaşdırılıb. Azərbaycan bu nəticəni xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, “ASAN” mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edib.

Göründüyü kimi, Azərbaycanın yeniliklərə imza atması, daim təkmilləşməyə maraq göstərməsi beynəlxalq səviyyədə də təqdir edilir, ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanır. Dövlət başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin priortetliyi xüsusi olaraq önə çəkilir. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün yeni texnologiyaların inkişafı və tətbiqi əsasdır. “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir.

Müasir dövrün tələblərinə əsaslanan layihələrin hər biri kadr potensialının önəmini, ümumilikdə təhsilin inkişafını təsdiqləyir. Hər bir hədəf, prioritet yeni texnologiyaların tətbiqini bir zərurət kimi ortaya qoyur. Milli Prioritetlərdə də belə bir çağırış edilir ki, məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Sözügedən sənəddən irəli gələn vəzifələrin uğurlu icrası daha yüksək nəticələrə yol açacaq. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında yeni üfüqlər açılır. Hazırda azad edilmiş torpaqlarımız şəhərsalmanın müasir təcrübəsini təqdim edir ki, bu da ölkəmizin kadr hazırlığına, yüksək təhsilə, yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə verdiyi önəmin nəticəsidir. Dövlətimizin başçısı İlham Əliyev ötən il 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra fevralın 14-də keçirilən andiçmə mərasimində “Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır” söyləyərək onu da əlavə etdi ki, Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan insandır, əsgərdir, zabitdir. Ancaq texniki vasitələr az rol oynamır. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir: “Sadəcə olaraq, dövlət siyasəti burada yetərli deyil. Biz əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Deyə bilərəm ki, bu istiqamətdə son 1-2 il ərzində böyük inkişaf mövcuddur, bəlkə də ictimaiyyət o qədər də məlumatlı deyil. Ancaq kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. Son müddət ərzində bir neçə min Azərbaycan gənci treninqlərdən keçib, xüsusi proqramlardan keçib. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə, biz geridə qalacağıq. Biz isə geridə qala bilmərik.”

Yeganə Əliyeva, “İki sahil”

Seçilən
11
ikisahil.az

1Mənbələr