AZ

Rusiya: AİAƏ Ukraynanın Zaporojye AES-ə təhdid yaratdığını etiraf etməyə cəsarət etmir – ÖZƏL

Rusiya Federasiyasının BMT-dəki birinci müavin daimi nümayəndəsi Dmitri Polanski Beynəlxalq Atom Enerjisi Agentliyinin (AİAƏ) Zaporojye Atom Elektrik Stansiyasına (AES) təhlükə yaradan yeganə mənbənin Ukrayna olduğunu açıq şəkildə etiraf etməyə cəsarət etmədiyini bildirib.

Olaylar.az xəbər verir ki, "AİAƏ hadisələri öz adı ilə çağırmaq və danılmaz faktı etiraf etmək cəsarətinə malik deyil. Ukrayna Zaporojye AES-i və onun kritik infrastrukturunu davamlı şəkildə hədəfə alaraq təhlükə yaradan yeganə tərəf olaraq qalır. Həmçinin, stansiya əməkdaşlarının və ailələrinin yaşadığı Enerqodar şəhəri də Ukraynanın hücumlarına məruz qalır. Hətta 2024-cü ilin dekabrında AİAƏ müfəttişlərinin rotasiyasını həyata keçirən bir avtomobil karvanı belə hücuma məruz qalıb," - deyə diplomat vurğulayıb.

Fevralın 7-də "Rosatom" şirkətinin baş direktoru Aleksey Lixaçovla görüşdən sonra AİAƏ-nin baş direktoru Rafael Qrossi Zaporojye AES əməkdaşlarına stansiyanın sabit və təhlükəsiz fəaliyyətini təmin etmək üçün dəstəyin davam etdirildiyini təsdiqləyib. O həmçinin, son vaxtlar Zaporojye AES-ə edilən hücumların daha da intensivləşdiyini və oradakı təhlükəsizlik vəziyyətinin qeyri-sabit olaraq qaldığını qeyd edib.

Qeyd edək ki, Avropanın ən böyük nüvə enerjisi obyektlərindən biri olan Zaporojye AES Enerqodar şəhərində yerləşir və ümumi gücü 6 QVt olan altı enerji blokuna malikdir. 2022-ci ilin fevral ayının sonunda stansiya Rusiya qüvvələri tərəfindən nəzarətə götürülüb. Həmin vaxtdan etibarən Ukrayna ordusu dronlar, ağır artilleriya və yaylım atəş sistemləri vasitəsilə vaxtaşırı həm AES-in özünü, həm də Enerqodardakı yaşayış məntəqələrini atəşə tutur. Hazırda stansiyanın bütün enerji blokları soyuq rejimdədir və elektrik enerjisi istehsal etmir. 2022-ci ilin sentyabrından etibarən AİAƏ-nin dövri əsasda çalışan missiyası stansiyada fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr