Göygöl rayon Toğanalı kənd bələdiyyəsinin sədri İslam İmanlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Ulusal.az xəbər verir ki, araşdırma zamanı İslam İmanlının vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kollegial orqan olan Toğanalı kənd bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrı-ayrı şəxslərə satılması, istifadəyə və icarəyə verilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
İslam İmanlı ittihamla özünü qismən günahkar bilib və əməlini etiraf edib.
Deyib ki, Toğanalı bələdiyyəsinin büdcəsini təşkil edən maliyyə vəsaitlərinin böyük bir qismi əməkhaqqına və sosial sığorta haqlarına, kiçik bir qismi isə qazetlərə üzvlük və abone haqlarına, audit xidmətlərinə istifadə edilib.
O, həmin vəsaitlərin sərf edilməsi ilə bağlı iclas qərarlarını təkbaşına tərtib etdiyini qeyd edib:
“Bu barədə iclaslar təşkil edilməyib. Ayrı-ayrı şəxslərə torpaq sahələri ayırlan zaman bələdiyyədə heç bir iclas olmayıb, hər hansı bir bələdiyyə üzvü iştirak etməyib. Bələdiyyədə iclas keçirməyə şərait yox idi. Bələdiyyənin fəaliyyətinin həyata keçirildiyini göstərmək məqsədilə bələdiyyənin üzvlərini iclasa çağırmadan protokollar yazılırdı. Protokolları Göygöl Rayon İcra Hakimiyyətinin binasında kompüter otağında təkbaşına tərtib etmişəm. Bələdiyyənin balansında olan torpaq sahələrinin satılması ilə əlaqədar rüşvət almamışam”.
Cinayət işi materiallarında yer alan məlumata görə, sabiq bəldiyyə sədrindən şikayətçi olanlar arasında qazilər də var. Onlar bələdiyyədən torpaq istəsələr də, “yox” cavabı alıblar. Buna görə də sədrdən şikayət ediblərmiş.
İstintaqla müəyyən edilib ki, İ.İmanlının sədr olduğu müddətdə bələdiyyə büdcəsinə 2020-ci ildə 2892 manat, 2021-ci ildə 4603 manat, 2022-ci ildə 5323 manat və 2023-cü ildə 5961 manat olmaqla, ümumilikdə 18779 manat maliyyə vəsaiti daxil olub.
Yerli özünüidarəetmə xərclərinə 18 290 manat, digər xərclərə isə 455 manat sərf olunub. Məlum olub ki, cəmi 135 manat vəsait bələdiyyə iclasında müzakirə olunmadan məxaric edilib.
Zərərçəkmiş tərəf dəymiş zərər tam ödənildiyi üçün İ.İmanlıdan şikayətçi olmayıb.
Məhkəmənin hökmü ilə İslam İmanlı barəsində 1 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzası təyin edilib.Musavat.com