Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin (“Rus Evi”) fəaliyyətinin dayandırılması ətrafında müzakirələr davam edir.
“Qafqazinfo” xəbər verir ki, Rusiyanın Azərbaycanda daim ictimai-siyasi proseslərə təsir göstərməyə çalışdığı, bu işdə qonşu dövlətə bir sıra yüksəkvəzifəli şəxslərin dəstək olması, hətta əməkdaşlıq etməsi barədə çoxsaylı iddialar uzun müddətdir gündəmdə olsa da, artıq konkret adlar çəkilməkdədir. Belə ki, Azərbaycanda Rusiya şəbəkəsinin Moskvadan təyin olunmuş və tez tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunması, bu şəbəkəyə bir sıra tanınmış şəxslərin daxil olması artıq ictimailəşib. Belə ki, dünən “Qafqazinfo”da yayımlanan məqalədə qeyd edilən şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyevin rəhbərlik etməsi bildirilib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov, Eldar Mahmudov da daxil imiş.
Adları çəkilən sabiq məmurlar Rusiya ilə işləmələrini, qonşu ölkənin maraqlarına xidmət etmələri ilə bağlı yazılanları etiraf etmirlər. Onlardan bunu etiraf etmələrini gözləmək də sadəlövhlük olardı. Maraqlıdır ki, həmin şəxslər ötən gün mövzu ilə bağlı mətbuata verdikləri açıqlamalarda da məntiqli heç nə demirlər və yazılanları hər hansı ağlabatan şərhlə təkzib etmirlər.
Belə ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev Musavat.com-a açıqlamasında qısa olaraq yazılanların mənasız söhbət olduğunu deyib və “İndi Bakıda deyiləm. Ona görə də yayılan xəbərlərlə bağlı geniş açıqlama verə bilmirəm”, deyərək söhbəti bağlayıb.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də Manset.az-a bir cümləlik açıqlama ilə yazılanları “axmaq söz-söhbət” adlandıraraq vəziyyətdən çıxmağa cəhd edib.
Moskvadan idarə olunan Rusiya şəbəkəsinin digər üzvü olduğu bildirilən sabiq xarici işlər naziri Elmar Məmmədyarov isə bir qədər fərqli fikir irəli sürüb. O, Teleqraf.com-a açıqlamasında bunları deyib: “Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir. Gün ərzində 20 jurnalistə müsahibə verirəm, həmin adamlar bundan narahatdırlar. Məni Moskva ilə əlaqələndirmək üçün heç bir tutarlı səbəb və əsas yoxdur. Mən həm Ukrayna, həm Rusiya, həm də ABŞ-də təhsil almışam. Bu, o deməkdir ki, məni bu ölkələrin agenti adlandırmalıdırlar?!”
Heç kimə sirr deyil ki, Azərbaycanda Rusiya şəbəkəsinin üzvləri və bu dövlətin maraqlarına xidmət edənlərin adları təkcə qeyd etdiklərimizlə məhdudlaşmır. Rusiya tarix boyu nəinki Azərbaycanda, demək olar ki, bütün ölkələrdə öz casus və maraqlar şəbəkəsini qurub və hər hansı formada təlimatlandırıb, eləcə də müxtəlif formada dəstəkləyərək dövlət və digər strukturlarda möhkəmləndirib. Həmin şəbəkənin üzvlərinin və bu maraqlara xidmət edənlərin aşkar şəkildə bunu etiraf etməsi isə əlbəttə ki, mümkünsüzdür.