Heydelberqdəki (Almaniya) Avropa Molekulyar Biologiya Laboratoriyasının (EMBL) alimləri bağırsaqlarda yaşayan bakteriyaların beyindəki molekulyar proseslərə təsir göstərə biləcəyini müəyyən ediblər. Tədqiqat “Nature Structural & Molecular Biology” (NSMB) elmi jurnalında dərc olunub.
Komandanın gəldikləri nəticəyə görə, bağırsaq mikrobları zülalların karbohidratlar tərəfindən dəyişdirildiyi və hüceyrə funksiyasında əsas rol oynadığı bir proses olan qlikozilləşməni dəyişdirir.
Qlikozilləşmə hüceyrələrarası əlaqə, hərəkətlilik və hüceyrə yapışması da daxil olmaqla müxtəlif funksiyalara təsir göstərir. Xərçəng və neyrodegenerativ pozğunluqlar kimi xəstəliklərin inkişafı ilə də əlaqələndirilir. Bununla belə, hüceyrələrdə qlikosillənmiş zülalların konsentrasiyasının aşağı olması səbəbindən bu prosesi öyrənmək həmişə çətin olmuşdur.
Alimlər qlikozilləşməni yüksək dəqiqliklə və geniş miqyasda təhlil etməyə imkan verən yeni “DQGlyco” metodu hazırlayıblar. Silikon muncuqlardan istifadə edərək tədqiqatçılar siçanların beyin toxumasında 150 mindən çox qlikosilləşdirilmiş zülal formasını təcrid edə və öyrənə bildilər. Bu, əvvəllər mümkün olandan 25 dəfə çoxdur.
Alimlər bağırsaq mikrobiomunun beyinə təsirinə xüsusi diqqət yetiriblər. Mikrobsuz şəraitdə yetişdirilən siçanları normal mikrobiomu olan siçanlarla müqayisə edərək, komanda koqnitiv emal və aksonların inkişafı (elektrik siqnallarını ötürən neyronların proyeksiyaları) kimi sinir funksiyaları ilə əlaqəli zülalların qlikosilləşməsində əhəmiyyətli fərqlər aşkar etdi.
Tədqiqatçılar digər növlərdə, o cümlədən insanlarda qlikozilləşmə yerlərini proqnozlaşdırmaq üçün “AlphaFold” kimi maşın öyrənmə üsullarından da istifadə ediblər. Bu, müxtəlif bioloji proseslərdə və xəstəliklərdə qlikozilləşmənin rolunu öyrənmək üçün faydalı ola bilər.
Almaz Həsənli