AZ

Rusiyada müəyyən millətçi dairələrin hay-küyünün sonu yoxdur  - Aydın Mirzəzadə

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan təyyarəsinin Rusiya ərazisində vurulması faktdır. Bu da faktdır ki, mülki təyyarə Rusiya ərazisinə daxil olmamışdan əvvəl qarşı tərəf orada “xalça əməliyyatı”nın keçirilməsi barədə məlumat verməyib. Amma səhlənkarlıqları, yaxud qəsdən edilən hərəkətləri nəticəsində təyyarəmiz qəzaya uğradı, 40-a qədər insan həyatını itirdi. Beynəlxalq təcrübədə belə olan halda günahkar tərəf üzr istəyir, kompensasiya ödəyir, bir sözlə müvafiq addımlar atır. Rusiya tərəfdən ilk addım artıq atılıb, ən yüksək addım. Rusiya Prezidenti Azərbaycan Prezidentinə zəng edərək ondan hadisəyə görə üzür istədi. Yəni, bu faktın özü Rusiyanın bu məsələdə günahkar olduğunun etirafıdır”.

Bunu hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib. Qeyd edib ki, Putinin üzr istəməsi bu məsələnin əsasıdır, digər məsələlər isə mərhələ-mərhələ həll ediləcək:

“Amma bununla belə Rusiyanın daxilində müəyyən qüvvələr var ki, Azərbaycanın suveren hüquqlarını qorumasını qəbul edə bilmirlər. Onlar yenə də imperiya əhval-ruhiyyəsi ilə Azərbaycanı sındırmaq, Rusiyanın bu işdə edə biləcəyi davranışlara imkan verməmək üçün addımlar atırlar. Əsas odur ki, bu, rəsmi dairələr tərəfindən edilmir. Hansısa bir deputatın bu məsələyə öz şəxsi fikrini bildirməsi hələ Rusiyanın mövqeyi demək deyil. Bu gün Çeçenistanın paytaxtı Qroznıda Rusiya istintaq komitəsinin xüsusi briqadası işləyir. Hansı ki, həmin briqadanın fəaliyyətində Azərbaycan prokurorluğunun nümayəndəsi də var. Rusiya tərəfindən bu cinayət dərindən araşdırılır, hələ yekunlaşdırılmayıb. Qazaxıstanda müvafiq komisiyanın qərarı göstərdi ki, təyyarənin hərəkətinə kənardan mexaniki təsir olub. Aydın məsələdir ki, bu, ov tüfəngi ilə vurula bilməzdi. Aydın məsələdir ki, uzun müddət Azərbaycan təyyarəsində rabitənin itməsi, təyyarənin uzun müddət qeyri-müəyyən formada hərəkəti qəzaya səbəb olacaqdı”.

Deputatın fikrincə, Rusiyada müəyyən millətçi dairələrin hay-küyünün sonu yoxdur. Onun sözlərinə görə, Rusiyanın məsələyə obyektiv, sağlam qiymət verən kifayət qədər güclü dairələri var ki, onlar Azərbaycanla münasibətlərin korlanmasında maraqlı deyillər:

“Azərbaycanla münasibətlərin korlanması Cənubi Qafqaza Rusiyanın qapısının bağlanması deməkdir. Azərbaycan-Rusiya münasibətlərinin korlanması Rusiya bazarına gələn və alıcısının ehtiyacı olan bir çox məhsullardan məhrumolma deməkdir. Azərbaycan və Rusiyanın 2022-ci ildə bağlanan müttəfiqlik haqqında sazişi var və bu saziş qüvvədədir. Dövlətlər arasında hər hansı bir problem ola bilər, anlaşılmazlıq ola bilər, hansısa bir məsələnin həllinə müxtəlif baxışlar ola bilər. Amma inanıram ki, bu məsələlər öz həllini tapacaq. Hesab edirəm ki, Rusiyanın sağlam düşüncəli dairələri millətçi, münasibətləri korlamağa çalışan dairələrin cavabını verməyi bacarmalıdır”.

Seçilən
16
hafta.az

1Mənbələr