AZ

Premyer Liqa klublarının rəsmiləri AFFA İcraiyyə Komitəsinin son qərarlarını müsbət qiymətləndirir - SORĞU

AFFA İcraiyyə Komitəsinin son iclasında bir sıra vacib qərarlar qəbul olundu. Onlardan ən önəmliləri Misli Premyer Liqasında 2025/2026 mövsümündən etibarən komanda sayının 12-yə yüksəldilməsi və legioner limitinin ləğv olunması idi.

"Report" məsələ ilə bağlı Premyer Liqada çıxış edən klublara müraciət edib. Sorğumuzu cavablandıran klub rəsmilərinin böyük əksəriyyəti yeniliklərin Azərbaycan futbolunun inkişafına təkan verəcəyini bildirib.

Əmrah Çəlikəl, "Qarabağ"ın baş direktoru: “Komanda sayının artacağına sevinirik. Bu, Azərbaycan çempionatı üçün çox müsbət haldır. Bu qərarı dəstəkləyirik. Düşünürəm ki, bu həmçinin Azərbaycan futboluna töhfə verəcək. Lakin yeni mövsümdən etibarən legioner limitinin ləğv olunacağı barədə bir söz deyə bilməyəcəm. Çünki məsələ ilə bağlı hansısa fikir formalaşdırmamışıq. Hazırda Premyer Liqada 2024/2025 mövsümü davam edir. Bu məsələ ilə bağlı rəhbərlik və baş məşqçimiz Qurban Qurbanov danışacaq və fikir mübadiləsi aparacaqlar. Daha sonra öz strategiyamızı həyata keçirəcəyik. İstənilən halda, verilən qərara hörmətlə yanaşırıq”.

Eldəniz Yusubov, “Araz-Naxçıvan”ın icraçı direktoru: “Premyer Liqada komanda sayının artması müsbət haldır. Bu, Azərbaycan futbolunun coğrafiyasının genişlənməsi deməkdir. Komanda sayının artması həmçinin çempionatda perspektivli oyunçuların çoxluq təşkil etməsi üçün əlavə şans yaradacaq. İnanırıq ki, qarşıdakı illərdə bu say daha da artacaq. Legioner limitinin ləğvinin özünü hansı formada göstərəcəyini isə zamanla biləcəyik. Hər halda, bu qərarı ətraflı təhlil etdikdən sonra təsdiqləyiblər. Ötən il Klublar Komitəsinin iclasında bu məsələ bir neçə dəfə müzakirə olunmuşdu. Azərbaycan futboluna rəhbərlik edən şəxslər yeni qaydalar tədbiq edirsə və inkişaf üçün addımlar atırsa, biz bunu yalnız dəstəkləyə bilərik. Meydanda legioner futbolçuların sayının artması yerli oyunçuların kənarda qalması anlamına gəlmir. Məncə, bu, tərəflər arasında rəqabəti bir qədər də artıracaq. Yerli futbolçular bu rəqabətdən qalib ayırlmaq üçün əllərindən gələni etməlidirlər. Onsuz da limit tətbiq olunarkən də klubların heyətində 13-14 legioner yer alırdı. Premyer Liqada iddiasız komandaların heyətində 10-a yaxın əcnəbi oyunçular var”.

Cahangir Məmmədov, “Zirə”nin icraçı direktoru: “Ümumiyyətlə, hər bir addımın mənfi və müsbət nəticəsi ola bilər. Əsas məsələ bu addımı atarkən hərtərəfli təhlil etməkdir. Premyer Liqa ölkə futbolunun elitasıdır. Bu yarışda iştirak edən klubların sayının artırılması futbolun coğrafiyasının genişlənməsi deməkdir. Çempionatda komanda sayının artırılması sevindirici məqamdır”.

Ehtiram Quliyev, "Turan Tovuz"un İdarə Heyətinin sədri: “Komanda sayının 12-yə yüksəldilməsi çox gözəl haldır. Bunu ancaq sevinclə qarşılaya bilərik. I Liqaya baxsaq, ilk üç yerə bölgə komandaları namizəddirlər. Bu da futbolun əhatə dairəsinin genişlənməsinə gətirib çıxaracaq. Azarkeşlərin dəstəyi ilə gözəl, maraqlı oyunların olacağını düşünürük. Bunu ancaq alqışlaya bilərik. Növbəti addım kimi komanda sayının 14 və ya 16-ya çatdırılması möhtəşəm hadisə olar. Amma 12 komandanın da ölkə futbolu adına nailiyyət olacağını düşünürəm. Legionerlə bağlı artıq qərar verilib. Belə uyğun hesab edilib ki, ölkə futbolunun inkişafında bu mərhələnin də keçilmək zərurəti var. Qərar verildiyinə görə də biz klublar, konkret “Turan Tovuz” olaraq bundan irəli gələn öhdəliklərə əməl edəcəyik. Xeyirli olsun. Biz riyazi düstur ilə hesablayıb qərar verə bilmərik ki, hansı nəticə əldə olunacaq. Öncədən bunun faydalı olub-olmayacağını heç kim deyə bilməz. Bunun ölçü düsturu yoxdur. Artıq qərar verildiyinə görə hörmətlə yanaşırıq. İnşallah, klublarımız inkişaf edər, reytinq xalları artar”.

İqor Ponomaryov, “Sabah”ın idman direktoru: “Legioner futbolçularla bağlı əvvəlki qayda uzun müddət tətbiq olundu. Bu müddət ərzində bir nəfər də beynəlxalq səviyyəli futbolçu yetişdirə bilmədik. Bu səbəbdən, məncə, bu variantı da sınamaqda heç bir problem yoxdur. Bəlkə də bu qərar yerli futbolçuları legionerlərdən heç də zəif olmadıqlarını sübut etməyə sövq edəcək və sağlam rəqabət yaradacaq. Yerli futbolçuların bu qərardan qorxmayacaqlarını, əksinə, özlərini sübut etmək üçün çalışacaqlarını arzu edirəm. Çempionatda komanda sayının artması da sevindirici haldır. Hər birimiz bunu istəyirdik. İndi əsas sual 12 komandalı çempionatın hansı formatda keçiriləcəyidir. 3 dövrəli sistem olarsa, 3-cü dövrənin oyunlarının hansı komandanın meydanında keçiriləcəyi ilə bağlı suallar ortaya çıxır. “Altılıq” sistemində ilk altı pillədə qərarlaşan komandalar tərəfindən, çox güman, sona kimi yaxşı rəqabət izləyəcəyik. Amma eyni sözləri ikinci “altılıq”la bağlı deyə bilərikmi? Məhz buna görə İcraiyyə Komitəsinin növbəti iclasını gözləmək lazımdır. İstənilən halda, çempionatda komanda sayının artması sevindiricidir və hər kəs kimi mən də çox istərdim ki çempionatımız daha güclü və maraqlı olsun”.

Cenk Sümer, “Neftçi”nin baş icraçı direktoru: "Premyer Liqada komanda sayının artırılmasına müsbət məqam kimi yanaşırıq. Bu, çox önəmli qərardır. Komanda sayı nə qədər çox olarsa, ölkə futbolunun inkişafına bir o qədər yaxşı təsir edəcək. Düzdür, hələlik növbəti mövsümün formatı bəlli deyil, amma istənilən halda, müsbət qərardır. Legioner limitinin ləğvi isə Premyer Liqanın rəqabətli olmasına və səviyyənin yüksəlməsinə hesablanmış addımdır. Qərar futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Bu qərarın müsbət tərəfləri var. Ən vacibi odur ki, bundan faydalanmaq lazımdır. Verilən qərar yerli futbolçuların da özlərini göstərməsinə, ölkə xaricinə çıxışına şərait yarada bilər. Yerlilərin inkişafı çox önəmlidir. Bütün bunların özünü nə dərəcədə doğruldacağını zaman göstərəcək”.

Riad Rəfiyev, “Sumqayıt”ın prezidenti: “İcraiyyə Komitəsinin limitlə bağlı qərarı haqqında birmənalı fikir bildirmək, məncə, doğru deyil. Zaman keçsin, qərar qüvvəyə minsin və azı bir mövsüm tətbiq olunsun. Yalnız ondan sonra demək olar ki, limitin ləğvi doğru qərar idi, yoxsa yanlış. Hələliksə, İcraiyyə Komitəsi belə qərar veribsə, biz klublar da bununla razılaşmalıyıq. Premyer Liqada komanda sayının artırılması barədə qərar isə olduqca doğru, mütərəqqi və müsbət məqamdır. “Sumqayıt” klubu olaraq buna çox sevinirik və bütün iştirakçılara uğurlar arzulayırıq”.

Elçin Usub, "Şamaxı”nın İdarə Heyətinin sədri: “Premyer Liqada komanda sayının artırılması qərarını müsbət qiymətləndirirəm. Düzdür, “Qəbələ” istisna olmaqla, növbəti mövsüm Premyer Liqaya yüksəlmək şansı olan klubların infrastruktur və təminat baxımından problemlərinin olmaq və çempionatın səviyyəsinin müəyyən qədər düşmək təhlükəsi var. Qərarı tənqid edən təbəqə də mövqeyini bununla əsaslandırır. Lakin ən azı 2 məqamı nəzərə alsaq, bu "təhlükə" ilə barışmaq olar. Birincisi, böyük futbolun coğrafiyasının genişlənməsi birmənalı şəkildə ölkədə futbolun inkişafına müsbət təsir edəcək. İkincisi, böyük ehtimalla məlum qərarı verən AFFA rəhbərliyi yəqin ki, bu qərardan doğan futbola hələlik birmənalı zəruri olan dövlət dəstəyinin artırılmasının vacibliyini bilir və bununla bağlı bəlli planları var. Xüsusilə futbolun inkişaf strategiyası ilə bu qərarın eyni vaxtda verilməsi bunu təxmin etməyə əsas verir. Legioner limitinin ləğvinin isə Azərbaycan futboluna fayda verəcəyini düşünmürəm. Bu qərarı dəstəkləyən tədbirlər də kompleks şəkildə gəlməlidir. Məsələn, bugünkü Premyer Lliqa klublarına maliyyə dəstəyi yanaşmalarına da "əl gəzdirilməlidir". Keyfiyyətli legioner gətirməklə daha da iddialı olmaq istəyən klublara ayrılan vəsaitin xərclənmə istiqamətlərinə yenidən baxılmalıdır. Bu gün sponsor dəstəyi və başqa gəlirləri 10 milyon manat və daha artıq olan Premyer Liqa iştirakçıları da 3 milyon manat qrant alır, sponsor dəstəyi "0" olan klublar da. Daha çox və daha keyfiyyətli legioner gətirəcək klubların da sponsor dəstəyi artacaq. Lakin hələlik ancaq qrant hesabına futbolda olan klublara birdən-birə ciddi sponsor dəstəyinin olacağı gözlənilmir. Haşiyə çıxaraq, elə “Şamaxı”nı nümunə göstərmək olar. 3 ilə yaxındır ki, peşəkar klub olaraq ölkədəki futbol ekosisteminin hər mənada layiqli üzvünə çevrilməyimizə baxmayaraq, hələ də ciddi sponsor dəstəyindən məhrumuq. Bu səbəbdən "iki sinifli" çempionat izləyə bilərik. Lakin çox ümid edirəm ki, proqnozlarım özünü doğrultmasın və legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafına müsbət təsir etsin”.

Cabir İbrahimov, “Kəpəz”in icraçı direktoru: “Komanda sayının artması Premyer Liqada rəqabətin çoxalmasına şərait yaradacaq. Bu hal Azərbaycan futbolunun inkişafına və yüksəlişinə səbəb olacaq. Legioner limitinin ləğvinə gəldikdə isə, düşünürəm ki, bu da yaxşılığa doğru atılmış addımdır. Yerli futbolçular arasında sağlam rəqabətin yaranacağına inanıram. Bundan başqa, azərbaycanlı futbolçuların bəziləri başqa ölkələrdə özlərini legioner kimi sınaya bilərlər”.

Firuz Abdulla, “Səbail”in icraçı direktoru: “AFFA İcraiyyə Komitəsinin müvafiq qərarları ilə bağlı müzakirələr hələ iclasdan əvvəl də geniş müzakirə olunurdu. Növbəti mövsümdən etibarən Premyer Liqada komanda sayının artırılması təqdirəlayiq haldır. İstər peşəkar futbolun coğrafiyasının genişlənməsi, istər futbolun keyfiyyətinin yüksəlməsi baxımından bu qərarın müsbət nəticələrinin olacağını indidən proqnozlaşdırmaq olar. Ümid edək ki, növbəti mövsüm ölkə futbolunun elitasında iştirak hüququ qazanacaq komandalar idman mübarizəsinin gərginləşməsinə öz töhfələrini verə biləcəklər. Bu qərarla bağlı yeganə qeyri-müəyyənlik yaradan məqam cari mövsümdə Premyer Liqanı tərk edəcək komandanın hansı sistem əsasında aşağı liqaya düşəcəyinin dəqiq bəlli olmamasıdır. Bu, xüsusilə hazırda turnir cədvəlində sonuncu pilləni tutmamaq uğrunda gərgin mübarizə aparan klublar üçün böyük önəm kəsb edir. Heç kimə sirr deyil ki, bir neçə klub Premyer Liqada yerini qorumaq üçün yarışır və komandaların bu ana qədər topladığı xallar, bəzi oyunlarda qeydə alınan gözlənilməz nəticələr çempionatın sonunda qarşımıza hansı mənzərinin çıxacağı ilə bağlı indidən qəti fikir söyləməyə imkan vermir. Lakin AFFA rəhbərliyinin iclasdan sonra mətbuata verdiyi açıqlamalarda qeyd etdiyimiz vacib suala ən qısa zaman ərzində cavab veriləcəyi bildirilib. Legioner limitinə gəlincə, çox təəssüf ki, uzun illər boyunca Azərbaycan futbolunda ən çox müzakirə mövzusuna çevrilmiş bir məsələdir və bu gün də aktuallığını qoruyub saxlayır. Azərbaycan futbolunda son 20 il ərzində cərəyan edən prosesləri, legioner limitinin dəfələrlə müxtəlif sistemlərə uyğunlaşdırmaqla dəyişdirilməsini – buraya daha əvvəl limitin tamamilə ləğv olunması da daxildir – nəzərə alsaq, fövqəladə yeniliyin baş vermədiyi qənaətindəyəm. Məsələnin narahat edən tərəfi odur ki, köhnə-yeni və ya yeni-köhnə legioner limiti formasiyalarının fonunda köhnə problemlər yeniliyini saxlayır, başqa sözlə, həllini tapmır. Sözün açığı, budəfəki limitsizliyin böyük fayda verəcəyi ilə bağlı bir o qədər də nikbin deyiləm. Əlbəttə, klub olaraq biz bu səviyyədə qəbul olunan qərarları sorğulamaq səlahiyyətinə malik deyilik, əksinə, müvafiq instansiyanın qəbul etdiyi qərarlara uyğun olaraq fəaliyyətimizi tənzimləməliyik. Lakin şəxsən mənim prioritet olaraq yanaşdığım bir məsələ var ki, Azərbaycan futbolunda qəbul olunan istənilən qərar ilk növbədə Azərbaycan futbolçusunun maraqlarını təmin etməlidir. Azərbaycanlı futbolçunun fəaliyyətini, belə demək təbiri-caizsə, hər hansı şəkildə məhdudlaşdıra biləcək qərarların nə qədər faydalı olacağını, təbii ki, zaman göstərəcək”.

Seçilən
1
2
report.az

3Mənbələr