Bakı, 11 fevral, AZƏRTAC
Təhsil sistemi bazar tələbləri ilə uyğunlaşdırılmalıdır. Təhsil sisteminin dəyişilməsi ciddi bir çağırışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “PAŞA Holdinq” MMC-nin baş icraçı direktoru Cəlal Qasımov İnsan İnkişafı Forumunda deyib.
“Hər bir ölkənin əsas sərvəti insandır. Hər şey insanların verdiyi qərarların üzərində qurulur. Biz bilikdən bacarığın öyrədilməsinə keçməliyik. Bilik çox sadə yolla əldə olunur, məsələn internet, süni intellekt vasitəsilə. Bacarıq tam fərqli anlayışdır. Qərarların verilməsi, strateji düşüncə, kommunikasiya özü bir bacarıqdır. Bacarıqlar dünyasına keçməyi məktəb vaxtlarından öyrənmək lazımdır ki, bu da təhsil sisteminin dəyişməsinə gətirib çıxarır. Eyni zamanda, təhsil zamanı şagirdlərə özlərini tanımağı öyrətməliyik. İnsanlar gördüyü işlərin uğurlu nəticələri üçün işini sevməlidir, öz yollarını valideynləri deyil, özləri seçməlidir. Şirkətlərdə düzgün mükafatlandırma və cəzalandırma sistemləri qurmalıyıq. İlk növbədə, nəticəyə görə deyil, niyyətə görə dəyərləndirməliyik. Hər hansı səhvə görə cəza vermək düzgün qərar deyil. Hər bir insan mütəmadi olaraq öz üzərində işləməli, özünü kimlərləsə deyil, özünün dünənki günü ilə müqayisə etməlidir. Hər insan öz güclü və zəif tərəflərini də başa düşməlidir ki, uğurlu nəticəyə nail olsun”, - deyə C.Qasımov diqqətə çatdırıb.