Azərbaycan millisinin və Türkiyənin “Çorum” klubunun futbolçusu Coşqun Diniyevin İdman.biz-ə müsahibəsi
- Karyeranızın “Bandırmaspor” dönəmini necə xarakterizə edərdiniz?
- Əslində, komanda yığılanda heç kim bu qədər uğurlu nəticə gözləmirdi. Ancaq biz çox gərgin mübarizənin getdiyi I liqada ilk dövrəni 2-ci yerdə bitirdik. Mövsümün ilk dövrəsini əsas heyətdə oynadığım üçün “Bandırmaspor”dakı çıxışımı uğurlu hesab edirəm.
- Bir gün öncə “Bandırmaspor”u “Çorum”a dəyişdiz. Niyə məhz bu komanda?
- “Çorum” çoxdan diqqətimi çəkmişdi. Çünki onlar pley-off oynayan komanda idi. Ötən mövsüm Superliqanın bir addımlığından şanssızlıq nəticəsində dayanmışdılar. Üstəlik, mənim xoşladığım tərzdə oyun stilləri var. Əslində, “Çorum”la hələ mövsümün əvvəlində danışıqlar olmuşdu, sadəcə müəyyən məsələlərdə anlaşa bilməmişdik. Yenidən masa arxasına keçdik və indiki şərtlər hər iki tərəfə uyğun olduğu üçün bu dəfə alındı.
- Türkiyədə legioner həyatı necə gedir?
- Artıq bura öyrəşmişəm. Türkiyə mənim üçün doğma yerə çevrilib. Ona görə də hazırda heç bir çətinliyim yoxdur. İstər ünsiyyət, istərsə də digər məsələlərdə.
- Belə başa düşdüm ki, önümüzdəki illərdə futbol karyeranızı Türkiyədə davam etməyi düşünürsünüz.
- Qismət olarsa, bəli. Ancaq bu mövzuda konkret nəsə demək çətindir. Gələcəkdə elə bir təklif ola bilər ki, “hə” deyərəm.
- Azərbaycan futbolu haqqında nə düşünürsünüz?
- Premyer Liqa oyunlarını izləmədiyim üçün bu barədə nəsə deyə bilməyəcəm.
- Bəs sizcə, növbəti mövsümdə klubların sayının artırılması millidəki oyununza necə təsir edəcək?
- Fikrimcə, “Çorum”da qazandığım təcrübə millidəki oyunuma da müsbət yöndə təsir göstərəcək.
- Şahin Diniyev İdman.biz-ə müsahibəsində sizin legioner həyatına gec başladığınız üçün təəssüfləndiyini qeyd etdi. Siz də bu mövzuda atanız kimi düşünürsünüz?
- Bəli, mən də belə düşünürəm. Kaş legioner həyatım daha tez başlayardı. Elə olsaydı, bəlkə də indi hər şey tamam başqa cür idi. Cavanlıqda legioner həyatının çətinliyindən qorxub o addımı atmadığım üçün çox heyfslənirəm.
- Şahin Diniyevin oğlu olmağın məsuliyyəti daha çoxdur, yoxsa üstünlükləri?
- Əlbəttə ki, məsuliyyəti də var. Ancaq üstünlükləri daha çoxdur. Atamın məsləhətləri mənə çox kömək olur.
Aytac Sahəd
İdman.biz