AZ

“Qarabağ geyimləri xalqımızın kimliyini və estetik dünyagörüşünü yaşadan dəyərli irsdir” - MÜSAHİBƏ

Bakı, 11 fevral, Fidan Əlizadə, AZƏRTAC

Azərbaycanın milli geyimləri xalqımızın zəngin mədəni irsini, incə zövqünü və tarixi ənənələrini özündə əks etdirən mühüm elementlərdən biridir. Hər bir bölgəyə xas olan milli geyimlər təkcə estetik gözəlliyi ilə deyil, həm də xalqın həyat tərzini, sosial statusunu və etnoqrafik xüsusiyyətlərini əks etdirir. Tarix boyu Azərbaycan milli geyimləri fərqli dövrlərin təsiri altında inkişaf etsə də, öz orijinallığını qoruyub saxlamışdır. Bu gün milli geyimlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi mühüm mədəni vəzifələrdən biri kimi qarşıya qoyulub. AZƏRTAC-ın budəfəki müsahibi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovadır.

Qarabağ milli geyimlərinin əsas xüsusiyyətləri barədə danışan müsahibim bildirib ki, onlar zəngin maddi-mədəni irsimizin ayrılmaz hissəsidir. O, geyimlərin tarixin müxtəlif dövrlərində formalaşaraq xalqın həyat tərzi, təsərrüfat məşğuliyyəti, təbii-coğrafi şərait və estetik zövqünün təsiri ilə inkişaf etdiyini vurğulayıb. Maraqlıdır ki, geyimlər təkcə gündəlik ehtiyacı ödəmir, həm də sosial statusu, ailə durumunu və hətta yaş qrupunu göstərən bir element kimi çıxış edirdi. Məsələn, gənc qızlar daha parlaq və gözoxşayan rənglərə üstünlük verirdilərsə, yaşlı qadınlar daha tünd çalarlara yönəlirdilər. Eyni zamanda, Qarabağ geyimlərində bəzək elementləri xüsusi yer tutur. Zərif tikmələr, qızıl və gümüş pullarla işlənmiş çəpkənlər bu geyimlərin əsas xüsusiyyətlərindəndir.

- İlhamə xanım, Qarabağda qadın və kişi geyimlərinin elementləri arasında hansı fərqlər olub?

- Qarabağda qadın geyimləri iki əsas kateqoriyaya bölünürdü: “alt paltarı” və “üst paltarı”. Alt paltarı dedikdə “alt köynəyi”, “şəltə” və “cütbalaq” kimi elementlər nəzərdə tutulur. Bu geyimlər rahat və geniş biçimdə hazırlanırdı ki, qadınların sərbəst hərəkət etməsi təmin olunsun. Üst paltarları isə əsasən atlas, tirmə, zərxara kimi bahalı parçalardan tikilir, naxış və tikmələrlə bəzədilirdi. Kişi geyimlərində isə daha sərt və strukturlaşdırılmış elementlər üstünlük təşkil edirdi. Onlar “köynək”, “şalvar”, “cübbə”, “çuxa” və “kaftan” kimi geyimlərdən istifadə edirdilər. Kişi geyimlərində əsas məqsəd həm rahatlığı təmin etmək, həm də dövrün sosial və hərbi tələblərinə uyğun olmaq idi. Məsələn, çuxa kişi geyiminin vacib atributlarından biri idi və onun müxtəlif növləri mövcud idi: adi çuxa, doqquzlama çuxa və s. Baş geyimləri arasında isə çalma, dolbənd, börk və külah daha geniş yayılmışdı.

- Qarabağ milli geyimlərində rəng və naxışlardan da danışardınız...

- Qarabağ geyimlərində rənglərin xüsusi mənası var. Qırmızı, yaşıl, mavi kimi rəngləri əsasən cavan gəlinlər və qızlar geyinirdi. Yaşlılar isə daha çox göy, palıdı, bənövşəyi və qara rəngli geyimlərə üstünlük verirdilər. Bu seçimlər həm estetik baxımdan, həm də xalqın inancları ilə əlaqəli idi. Naxışlara gəldikdə, Qarabağ bölgəsində “aygün”, “ulduz”, “buta”, “qönçəçiçək”, “zəncirə” kimi bəzəklərlə işlənmiş geyimlər çox məşhur idi. Xüsusilə “pullu çəpkənlər” XVII əsrdən etibarən qadın geyimlərinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu çəpkənlərin yaxalarına bəzən qızıl və gümüş pullar tikilər, muncuq və qoza kimi elementlərlə bəzədilərdi.

- Milli geyimlərdə hansı parça və materiallardan istifadə olunurdu?

- Qarabağ geyimlərinin hazırlanmasında ən keyfiyyətli parçalar istifadə olunurdu. Qadın geyimlərində atlas, zərxara, qanovuz, qaz-qazı, misqalı tirmə, alxara kimi bahalı parçalara üstünlük verilirdi. Gündəlik geyimlərdə isə çit, lastik, satin və müxtəlif rənglərə boyanmış mitqalı ağ parçalar geniş yayılmışdı. Kişi geyimlərində isə əsasən yun və məxmər parçalar işlədilirdi. Bu parçalar həm soyuğa, həm də istiyə davamlı olurdu ki, bu da Qarabağın iqlim şəraitinə uyğun idi. Qarabağ geyimləri iki əsas kateqoriyaya bölünürdü: gündəlik və bayram geyimləri. Gündəlik geyimlər sadə, rahat və praktik olurdu. Onlar əsasən pambıq və yun parçalarla tikilir, bəzəksiz və ya minimal bəzək elementləri ilə işlənirdi. Bayram və toy geyimləri isə daha təmtəraqlı olurdu. Bu geyimlər atlas, məxmər, zərxara kimi parçalardan tikilir, qızıl saplarla tikmələr vurulurdu. Xüsusilə gəlinlik libasları bənzərsiz olurdu və xüsusi zərgər dəqiqliyi ilə tikilirdi.

- Yəqin ki, bu geyimlərdə aksesuarlara ayrıca diqqət ayrılırdı?

- Qarabağ geyimlərində aksesuarlar xüsusi yer tuturdu. Qadınların baş geyimləri arasında “tac”, “təsək”, “çutqu”, “araqçın”, “dingə”, “rübənd”, “çarşab”, “duvaq” və kələğayı geniş yayılmışdı. Xüsusilə üzəri sikkələrlə bəzədilmiş araqçınlar dəbdə idi. Kişilərin papaqları da böyük önəm daşıyırdı. Papaq namus və şərəf simvolu hesab edilirdi. Onun itirilməsi və ya satılması qəbuledilməz idi. Bəzək əşyaları arasında “tac”, “tuği”, “gərdənbənd”, “xalxal”, “zərli həmayıl”, “ənbərinə boyunbağı”, sırğalar və qızıl kəmərlər mühüm yer tuturdu. Xüsusilə qızıl və gümüş bəzək elementləri zəngin qadın geyimlərinin ayrılmaz hissəsi idi.

- Milli geyimlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün hansı addımlar atılır?

- Bu gün Qarabağın milli geyimlərinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ciddi addımlar atılır. Azərbaycan Milli Tarix Muzeyində Qarabağa aid nadir geyim nümunələri saxlanılır ki, onların arasında Xurşidbanu Natəvana məxsus paltarlar da var. Bundan əlavə, teatr və kino sahəsində Qarabağ geyimlərinin bərpası, xalq rəqslərində və milli tədbirlərdə bu geyimlərin nümayişi onların yaşadılmasına xidmət edir. Qarabağ geyimləri təkcə bir parça mədəniyyət nümunəsi deyil, həm də xalqımızın kimliyini və estetik dünyagörüşünü yaşadan dəyərli irsdir. Bu mirası qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Seçilən
4
azertag.az

1Mənbələr