AZ

Təhsildə yeni mərhələ: "Rəqəmsal Məktəb"in hansı üstünlükləri var?

Ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində istifadəyə verilən "Rəqəmsal Məktəb" platforması artıq test rejimində fəaliyyət göstərir. “Rəqəmsal Məktəb" müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasını, interaktiv və əlçatanlığını təmin etmək məqsədilə yaradılan milli onlayn təhsil platformasıdır.
 
"Rəqəmsal Məktəb"in vacib məqamları
 
“Rəqəmsal Məktəb” rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq platformasıdır. Bu platforma şagird, valideyn, müəllim və direktor rolları üzrə tədris resurslarının idarəedilməsi və tənzimlənməsi imkanlarını təmin edir. Platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” üçün fərdi kabinetlər mövcuddur.
 
"Valideyn" kabinetində vətəndaşlar övladı haqda gündəlik qiymətləndirmə məlumatlarını izləyə bilir və birbaşa direktor ilə onlayn şəkildə mövcud çat vasitəsilə əlaqə saxlayır.
 
"Şagird" kabinetinə giriş məlumatları hər bir şagird üçün valideyni tərəfindən təyin edilmiş şifrə və UTİS kod vasitəsilə mümkündür. Şagirdlərin elektron resurslardan istifadəsi imkanının təmin olunması məqsədilə hər fənn üzrə mövzuya uyğun elektron resurslar – video dərslər, tapşırıqlar və kvizlər (test) yerləşdirilib ki, şagirdlər məktəbdə keçirilən hər hansı mövzu üzrə çətinlik çəkdikdə və yaxud müvafiq səbəblərdən dərsdə iştirak etmədikdə platforma üzrə yaradılmış elektron resurslardan istifadə edə bilsinlər.
 
Tədris prosesini daha yaradıcı edən və şagirdlər tərəfindən məlumatın qavranılmasını asanlaşdıran video dərslər fizika, kimya, Azərbaycan dili, təbiət, riyaziyyat və sairə kimi məktəb proqramını və ibtidai sinifləri əhatə edir. Video dərslər hər bir şagirdə dərs tapşırıqlarının həllini müəllimin dilindən vizual izahlı şəkildə dinləmək imkanı verir.
 
 
“Müəllim” kabineti müəllimlərin gündəlik iş yükünü tənzimləməklə yanaşı, tədris prosesini nizamlı şəkildə həyata keçirmələrinə dəstək olur. Eyni zamanda müəllimlər üçün vacib məlumatlara çıxışı asanlaşdıraraq tədris prosesinin idarə olunmasının keyfiyyətini artırır.
 
"Direktor" kabinetində məktəb rəhbərləri şəxsi kabinetləri vasitəsilə rəhbərlik etdikləri müəssisə üzrə elektron jurnalları izləyə və təlim nəticələrini təhlil edə bilirlər.
 
Müəllimlərin bəzi yükləri azalacaq...
 
Mövzu ilə bağlı Teleqraf-a danışan təhsil eksperti Elçin Əfəndi sözügedən platformanın müəllim-valideyn-məktəb kommunikasiyasının düzgün qurulmasına böyük təsiri olacağını düşünür: “Bu platformanı müsbət yöndə səciyyələndirmək olar. Çünki müsbət məqamları daha çoxdur. Valideynlər övladlarının təhsil göstəricilərini, davranışlarını izləmək imkanı qazanıb, fikirlərini rahat şəkildə məktəb direktoruna bildirəcəklər".
 
Elçin Əfəndi hesab edir ki, “Rəqəmsal Məktəb” platforması təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli rol oynayacaq: “Çünki valideyn platforma üzərindən övladının təhsil göstəricilərinə nəzarət etdiyi zaman müəyyən boşluqları görsə, çalışacaq ki, onları düzəltsin. Həmçinin valideyn məktəbdə gördüyü neqativ məsələni məktəb rəhbərliyinə, o cümlədən nazirliyə daha tez çatdıra biləcək. Valideyn və müəllim bu platforma üzərində fikir mübadiləsi aparacaq, şagirdlərin isə elektron dərslərdən, testlərdən istifadə imkanları yaxşılaşacaq.
 
Digər müsbət məqam müəllimlərin bəzi yüklərinin azalmasıdır. Hazırda müəllimlər həm jurnalda, həm elektron formada qeydiyyat aparırlarsa "Rəqəmsal Məktəb"də yalnız elektron qeydiyyat tələb olunacaq. Kağız daşıyıcılardan istifadə məhdudlaşacaq".
 
 
Ekspert bildirib ki, "Rəqəmsal Məktəb"in test mərhələsi hazırda 500 min şagirdi əhatə edir: "Bu mərhələ uğurlu keçərsə, yaxın zamanda ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində bu platformanın tətbiqinə şahid ola biləcəyik".
Seçilən
11
moderator.az

1Mənbələr