Bakı, 11 fevral, AZƏRTAC
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Azərbaycan Fizioloqlar Cəmiyyətinin birgə nəşri olan “Azerbaijan Journal of Physiology” jurnalı AGRIS (Aqrar Elm və Texnologiya üzrə Beynəlxalq Sistem) beynəlxalq indekslənmə bazasına daxil edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təsis edilən AGRIS dünyanın aparıcı ictimai məlumat xidmətlərindən biridir. Bu sistem istifadəçilərə geniş tədqiqat kolleksiyasına və dünya miqyasında qida və kənd təsərrüfatı ilə bağlı texniki məlumatları birləşdirən biblioqrafik bazaya birbaşa çıxış imkanı verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası biologiya və aqrar elmləri sahəsi üzrə AGRIS bazasını beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalar) aid edir və bu bazada indekslənən jurnallarda çıxan məqalələr beynəlxalq məqalə kimi qəbul olunur.
“Azerbaijan Journal of Physiology” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınır. Jurnal, həmçinin “Google Scholar” və RSCI məlumat bazalarına daxildir. Bütün məqalələrə “CrossRef” sistemində qeydiyyatdan keçmiş rəqəmsal obyekt identifikatoru (DOI) verilir. Hazırda jurnalın növbəti sayı üçün məqalələrin qəbulu davam edir.