Bakı, 11 fevral, AZƏRTAC
AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı da təsdiqlənib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Tədbirlər planında “AMEA-nın “Elm” nəşriyyatının Azərbaycan kitab mədəniyyəti tarixində rolu” mövzusunda elmi konfransın keçirilməsi, “Əsrin nəşrləri: elmin 100 illik yolu” adlı sərginin təşkili, “Elm” nəşriyyatının yaranması, formalaşması və inkişaf mərhələlərindən bəhs edən monoqrafiyanın nəşri, ikicildlik “Elm” nəşriyyatı: bir əsrlik irsin biblioqrafiyası” nəşrinin hazırlanması, “Elm” nəşriyyatı – 100” rubrikası ilə məqalələrin dərc etdirilməsi, “Elm” nəşriyyatının 100 illik yubileyinə həsr olunmuş videoçarxın ərsəyə gətirilməsi və s. əksini tapıb.
2025-ci ilin sentyabr ayında “Elm” nəşriyyatının yaradılmasının 100 ili tamam olur. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) təsis olunarkən əsas hədəflərdən biri tədqiqat nəticələrinin nəşri, elmi-tədqiqat xarakterli mətbuat orqanlarının yaradılması idi. Bakıda keçirilən Birinci Türkoloji Qurultay ərəfəsində azərbaycanşünaslığa dair xeyli adda əsərin çapının planlaşdırılması redaksiya-nəşriyyat işlərinin vahid mərkəzdə – yeni yaradılacaq nəşriyyatda toplanılmasını labüd edirdi. Bu məqsədlə ATTC-nin Mərkəzi Şurası Rəyasət Heyətinin 1925-ci il 23 sentyabr tarixli iclasında nəşriyyatın məsələsi müzakirə edilmiş, onun fəaliyyətinə rəhbərlik Redaksiya və Nəşr Şurasının sədri İosif Feodoroviç Blinov və professor Bəkir Çobanzadəyə həvalə edilmişdir.
Nəşriyyat keçdiyi 100 illik zəngin dövr ərzində respublikamızda elmi biliklərin geniş yayılmasına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr verib, bu gün də həmin yüksək məqsədlərə xidmət göstərərək fəaliyyətini uğurla davam etdirir.