“Biz illərdir Ramiz Mehdiyevin Azərbaycandakı “beşinci kolon”un rəhbəri və əsas fiquru olduğunu qeyd etmişik. Hazırda Azərbaycan-Rusiya münasibətləri gərginləşir və bu fonda “Rus Evi”nin fəaliyyəti dayandırılır. Bununla yanaşı, Rusiyaya xidmət edən və ya onunla əməkdaşlıq edən məmurların adları hallanır. Amma sual yaranır: əgər münasibətlər bu qədər gərginləşməsəydi, bu adlar yenə üzə çıxarılacaqdımı? Yəni bu məsələlər dövlət maraqlarından irəli gəlir, yoxsa necə? Bu, daha ciddi təhlil və müzakirə tələb edən məsələdir”.
Bunu Yenicag.az-la söhbətində Ağ Partiya başqanı Tural Abbaslı deyib.
Partiya sədri ötən gün “Qafqazinfo” portalında adları Rusiyaya casusluqda hallanan sabiq məmur-nazir elitası ilə bağlı iddiaları müzakirə edib.
“Qafqazinfo” kifayət qədər nüfuzlu media quruluşudur və yayımladığı məlumatlar hüquq-mühafizə orqanları üçün siqnal xarakteri daşıyır. Əgər belədirsə, niyə prokurorluq və digər hüquq-mühafizə orqanları dərhal hərəkətə keçmir? Əgər yayılan məlumatlar doğru deyilsə, həmin şəxslər niyə media quruluşlarından rəsmi şəkildə tələb etmirlər ki, onlar haqqında yalan informasiyalar yayılmasın? Reallıq budur ki, keçmiş vəzifəli şəxslər bir mərkəzdən göstəriş alır və o mərkəzin dediklərini icra edirlər.
Məsələn, Əbülfəz Qarayevə zəng edilib və narahat olmamağı, onun həbs olunmayacağınımı bildiriblər? Proseslər beləmi olur? Ramiz Mehdiyev isə həm illərdir “beşinci kolon” rəhbəri, həm də Rusiyaya yaxın fiqur kimi tanınır, eyni zamanda, Bakının mərkəzində milyonlarla ölçülən mülklərə sahibdir. Eldar Mahmudovun da analoji vəziyyətdə olduğunu görürük. Bütün günü şəhərdə milyonluq zirehli maşını ilə sağa-sola şütüyür, övladlarının da milyonluq maşınları var”, – deyə o, əlavə edib.
T. Abbaslı onu da vurğulayıb ki, Azərbaycanın müstəqil siyasət yürütmək istəməsi və Rusiyanın isə əvvəlki təsir imkanlarını qorumaq cəhdləri bu qarşıdurmanın əsas səbəbidir:
“Rusiya hələ də Azərbaycanı asılı dövlət kimi görmək istəyir, lakin Azərbaycan artıq müstəqil siyasət aparır və öz qonşuları ilə bərabərhüquqlu münasibətlərin qurulmasına çalışır. Bunun fonunda Rusiyanın bəzi deputatları və məmurları Azərbaycan əleyhinə fikirlər səsləndirir, “beşinci kolon” üzvlərinin adları hallanır, müəyyən şəxslər “persona non-qrata” elan edilir. Bu, qarşılıqlı siyasi mübarizənin göstəricisidir. Əsas məqam isə ondan ibarətdir ki, Azərbaycan öz müstəqilliyini tam şəkildə qəbul etdirməli və dövlət maraqlarını qorumalıdır. Necə ki, İran və Fransa ilə münasibətlərdə balans qurmağa çalışırıq, eyni yanaşma Rusiya ilə də tətbiq olunmalıdır. Dövlətin təhlükəsizliyi və maraqları hər şeydən üstün olmalıdır və aidiyyəti qurumlar bu məsələyə aydınlıq gətirməlidir”.
Rafi Müslümov