AZ

Rusiyanın hazırkı təzyiq aləti insanları hakimiyyətdən narazı salmağa yönəlib



"Rusiya zaman-zaman diqtəsini qəbul etməyən MDB üzvü olan respublikalara qarşı eyni təzyiq metodundan istifadə edib. Bu da həmin ölkələrin vətəndaşlarının deportasiya olunmasıdır. Hazırda Azərbaycan-Rusiya münasibətlərinin gərginləşmə istiqamətində getdiyi müşahidə olunur. Hər halda bunun təfərrüatına varmadan deyə bilərik ki, indi Rusiyadakı soydaşlarımıza qarşı təzyiqlər var".

Newscenter.az xəbər verir ki, bunu politoloq Mütəllim Rəhimli deyib. O qeyd edib ki, Rusiyanın bu addımında məqsəd azərbaycanlıları deportasiya etmək deyil, iqtidarı küncə sıxışdırıb, öz hədəflərini əldə etməkdir:

"Təbbi ki, soydaşlarımızın geri qayıtması ölkəmizdə onsuz da yaxşı olmayan iqtisadi durumu bir qədər də ağırlaşdıracaq. Xüsusilə, əhalinin kasıb təbəqəsi daha da yoxsullaşacaq. Çünki onların dolanışığı Rusiyadan göndərilən pullara bağlıdır. Rusiyanın hazırkı təzyiq aləti insanları hakimiyyətdən narazı salmağa yönəlib".

Politoloq deyib ki, deportasiya olunacaq azərbaycanlıların ölkəmizdə iş tapması sual altındadır:

"Üstəlik, onların göndərdikləri nağd pullar kəsildiyindən buradakı qohum-əqrabaları da narazı qalacaq. Bu isa daxildə sosial narazılıqları partlayış həddinə gətirə bilər. Ancaq bütün bunlar hazırda mövcud olan təzyiq alətidir. Əgər uyğun razılaşma olmasa Rusiya əlavə variantlardan da istifadə edəcək. İndiki gərgin münasibətlər yumşalmasa, azərbaycanlıların deportasiyası çoxalacağını demək olar. Ancaq bu bütün soydaşlarımızı əhatə etməyəcək və müəyyən həddə çatanda saxlanılacaq. Bundan sonra digər təsir mexanizmləri işə salınacaq".

Mütəllim Rəhimli qeyd edib ki, qanunların tapdandığı, imzaların və verilən sözlərin güvən yaratmadığı müasir beynəlxalq münasibətlər sistemində iki ölkə arasında imzalanmış müttəfiqlik sazişi həlledici rol oynaya bilməz:

"Kağız üzərində olmasına baxmayaraq, Rusiya heç vaxt bizim müttəfiqimiz olmayıb, Azərbaycanın ilk və təmannasız müttəfiqi Türkiyədir. Zənnimcə, təyyarə qəzası ilə bağlı münasibətlər bu qədər korlanmazdı. Ortada bizə bəlli olmayan və yalnız ehtimallara söykənən fikirlər var. Bu isə çox ciddi məsələdir. Yəqin ki, Azərbaycan hakimiyyəti Rusiyanın irəli sürdüyü şərtləri qəbul etməkdən boyun qaçırıb. Əgər bu ehtimal varsa biz daha ciddi təzyiqlərə cavab verməyə hazır olmalıyıq. Rusiyanın mahiyyəti deməyə əsas verir ki, bu tələblər milli maraqlarımıza ziddir. Ona görə də hər kəs - siyasi qüvvələr, sadə vətəndaşlar , vətəndaş cəmiyyəti institutları vahid mövqe nümayiş etdirməlidir. Hakimiyyət də baş verənləri Azərbaycan xalqı ilə bölüşməlidir".

Süleyman
Seçilən
12
newscenter.az

1Mənbələr