AZ

Tramp Putinlə danışıb?

Peskov Trampla Putinin telefon danışığını “nə təsdiq, nə də təkzib” edə bilir.

ABŞ prezidenti Donald Tramp “The New York Post” qəzetinə verdiyi müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli ilə bağlı telefon danışığı apardığını bildirib. O, həmçinin telefon danışığının nəticəsi kimi Rusiya ilə Ukrayna arasında döyüşlərin tezliklə dayandırılacağına ümid etdiyini ifadə edib.

Amma üstündən artıq müəyyən vaxt keçməsinə baxmayaraq bu telefon söhbətinin baş tutması barədə Rusiya tərəfindən nə təsdiq, nə də təkzib verilib. Siyasi dairələr Trampın qəzetə verdiyi müsahibədəki bu məlumatı anlaşılmazlıqla qarşılayıb. Həqiqətən bu mümkün olan bir hadisə kimi görünmür. Telefon danışığı baş tutubsa, Tramp tərəfindən Rusiya üçün çətin şərtlər ortalığa qoyulsaydı   belə Kreml hadisənin baş verdiyini təsdiq edərdi. Amma indiki halda Rusiya Prezidenti administrasiyası  Tramp-Putin söhbətini nə “təsdiq nə də təkzib edə” bilmir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “The New York Post”un Putinlə Tramp arasında Ukraynadakı müharibə ilə bağlı telefon danışığına dair xəbərini “nə təsdiq edə, nə də təkzib edə biləcəyini ” deyib.

Peskov həmçinin qeyd edib ki, Moskva ilə Vaşinqton arasında kommunikasiyalar müxtəlif kanallar vasitəsilə baş verir.

ABŞ prezidenti Donald Tramp “New York Post” tabloidinə müsahibəsində telefonla Putinlə Ukraynadakı müharibəni müzakirə etdiyini bildirib. Lakin o, Putinlə bu söhbətin nə vaxt və neçə dəfə baş verdiyini dəqiqləşdirməyib və “Mən susmağı üstün tuturam” cavabını verib.

Tramp iddia edir ki, Putin “insanların ölməsini dayandırmasını istəyir”.

ABŞ prezidenti eyni zamanda Ukraynada müharibəyə son qoymaq üçün “konkret plan”ının olduğunu bir daha vurğulayıb.

Ortalığa çox maraqlı suallar çıxır. Tramp həqiqətən Putinlə danışıbmı? Yaxud ABŞ və Rusiya Prezident  administrasiyaları arasında gedən danışıqları Tramp özünün Putinlə telefon danışığı kimi qələmə verib?

İstənilən halda burada bir anlaşılmazlıq var.

Seçilən
8
vaxt.az

1Mənbələr