“USAİD on illiklər ərzində təxminən 80-dən artıq ölkədə fəaliyyət göstərib. Bir çox ölkələrdə rəngli inqilabların həyata keçirilməsində iştirak edən təşkilatlar USAİD tərəfindən maliyyələşdirilib. USAİD-in bir sıra qanundankənar fondları maliyyələşdirdiyi, eyni zamanda Əfqanıstanda narkotik vasitələri, heroin istehsalında iştirak etdiyi iddiaları var və yardım adı altında bir sıra ölkələrdə fərqli məqsədlər də hədəfləmişdir”.
Bunu hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. O, USAİD-in Azərbaycandakı fəaliyyəti ilə bağlı olduqca şübhəli məqamların olduğunu qeyd edib.
“Tramp Adminstrasiyası fəaliyyətə başladıqdan dərhal sonra bir sıra beynəlxalq təşkilatlara maliyyələşməsini dayandırmışdı və bu, ilk növbədə USAİD-lə başlayıb. Artıq bu təşkilatın Vaşinqtondakı, Filadelfiyadakı mərkəzi qərərgahında yoxlamalar aparılır. Hətta Tramp Adminstrasiyasının əsas sütunlarından biri hesab olunan İlon Mask bu təşkilatı cinayətkar yuva adlandırmış və onun qanunazidd fəaliyyəti ilə bağlı ona Dövlət Departamenti tərəfindən ayrılmış vəsaitin təyinatına uyğun olmayan istiqamətlərə xərclənməsi ilə bağlı çox ciddi ittihamlar irəli sürmüşdü. Azərbaycanda fəaliyyətinə gəlincə, uzun illər ərzində burada fəaliyyətdə olan bu təşkilat bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı mövqe sərgiləyib. Zaman-zaman bir dəfə də olsun Azərbaycanın 30 ilə yaxın işğalda olan əraziləri ilə bağlı mövqe bildirməyib. Daha çox Azərbaycan mentalitetinə, Azərbaycan insanının yaşam tərzinə tamamilə zidd olan layihələrin maliyyələşdirilməsi gündəmdə olub. Eyni zamanda, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən 30 il ərzində Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayan ermənilərə, Ermənistana dəstəklə də gündəmdə olub”.
Deputat artıq bu təşkilatın Azərbaycandakı fəaliyyətinin dayandırıldığını vurğulayıb.
“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun faktiki olaraq USAİD-in Azərbaycandakı fəaliyyətinin 2024-cü ilin iyun ayının 1-dən etibarən de-yure dayandırıldığını bəyan etmişdi. Məsələ ondadır ki, bu barədə Azərbaycan tərəfindən ABŞ hökumətinə məlumat verilib. Bəziləri bunu Azərbaycan-Amerika münasibətlərinə mənfi təsir göstərə biləcəyini desələr də, əslində bu, belə deyil. Çünki, Tramp Adminstrasiyası USAİD-in bu vaxta qədərki fəaliyyəti ilə bağlı tam fərqli fikirdədilər. Tramp tərəfindən bu təşkilatın maliyyələşdirilməsinin dayandırılması da əslində elə həmin münasibətdən qaynaqlanır. Bu baxımdan təşkilatın Azərbaycandakı fəaliyyətinin dayandırılması təbiidir. Ümumilikdə bu təşkilatın fəaliyyətinin araşdırılmasına da ehtiyac var. Hansı təşkilatlar Azərbaycanda USAİD tərəfindən maliyyələşdirilib, hansı təşkilatlara hansı məqsədlər üçün maliyyə vəsaiti ayrılıb və məqsəd nədir. Təbii ki, verilən qrantlar Azərbaycandakı bu təşkilatın heç bir halda Azərbaycan dövlətçiliyinin, eləcə də Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına deyil, tamamilə kənar, Azərbaycana yad maraqların təmin edilməsinə xərclənmişdir. Bu məqam xüsusilə diqqət çəkəndir. Hesab edirəm ki, araşdırmaya ehtiyacı olan bir məsələdir”.