“Boz kardinal”, “Rusiyanın Azərbaycandakı “beşinci kolonu”nun rəhbəri” və sair, və ilaxır…. Ramiz Mehdiyev haqqında “google” platformasında kiçik axtarış aparmaq onun bu cür titullara sahib olduğunu görmək üçün kifayət edir. Təbii ki, Mehdiyev bu titullara sahiblənməyi və Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin rəhbəri olmağı heç də asanlıqla bacarmayıb. Bunun arxasında uzun illərin “sədaqətli xidməti” və çəkilən “əziyyəti” dayanır. Zaman-Zaman həm ölkə mediasında, həm də bir sıra nüfuzlu xarici KİV-lərdə Ramiz Mehdiyevin Rusiyaya bağlılığı haqda əsaslı materiallar dərc edilib. Əslində heç “Görünən dağa bələdçi də lazım deyil”. Mehdiyevin Rusiyanın ən ali dövlət mükafatlarından sayılan “Şərəf” Ordeni ilə təltif edilməsi bütün həqiqətləri ortaya qoyur. Bu cür yüksək dövlət mükafatı axı heç kimə səbəbsiz yerə verilmir.
Ümumiyyətlə, Mehdiyev hələ Sovet dönəmində Rusiya kəşfiyyatı və elitası ilə birgə işləyib. “Boz kardinal” bu gün də öz ənənəsinə sadiq qalaraq prosesi davam etdirir. Ətrafına yığdığı bəzi şəxslərlə birlikdə Rusiyanın ölkəmizdəki “beşinci kolonu”nun rəhbəri vəzifəsini yerinə yetirir və bu dövlətin maraqlarının Azərbaycanda təmin olunmasına birbaşa nəzarət edir.
Bəs “beşinci kolon” öz missiyasını necə və hansı üsullarla yerinə yetirir?
Bəlkə də siyasi anlayışı olmayan böyük kütlə bu prosesin necə həyata keçirilməsindən xəbərsizdir. Ancaq ətrafda baş verənlərə, ölkədə həyata keçirilən proseslərə nəzər yetirməklə bu casus şəbəkənin dövlətin dərin qatlarına necə nüfuz etdiyini və təxribatlar törətdiyini görmək mümkündür. Mehdiyevlər, Mahmudovlar, Qarayevlər və digərləri çox böyük bir şəbəkədir. Onların “obşaq” formada pul yığaraq ölkədə dövlət çevrilişi etmək planlarının olması ilə bağlı müxtəlif vaxtlarda ayrı-ayrı siyasi mənsubiyyətli şəxslər tərəfindən fikirlər səsləndirilib. Təbii ki, bu cür planların sifarişi xarici kəşfiyyatlar tərəfindən verilib. Eyni zamanda xaricdə yayımlanan, Azərbaycana qarşı qarayaxma kampaniyalarını həyata keçirən, pozğunluğu təbliğ edən müxtəlif media resurslarının gizli formada maliyyələşdirilməsi, xalqın dövlətdən narazı salınmasına cəhdlərin edilməsi məhz “beçinci kolon”un xarici xüsusi xidmət orqanlarının sifarişləri ilə həyata keçirdiyi məsələlərdir. Ramiz Mehdiyev özü vəzifədən getsə də, bu gün onun tapşırıqlarını can-başla yerinə yetirən casus şəbəkəsinin tör-töküntüləri hələ də müxtəlif vəzifələrdə qalmaqdadır. Heç kimə sirr deyil ki, özü kənarda dayanan “boz kardinal” yerinə təyin etdiyi casus şəbəkəsinin rəhbərlərini bilavasitə Rusiya kəşfiyyatı ilə razılaşdırır və onlara təqdim edir. Bu dəstənin bir qolunun hətta orduya qədər gedib çıxması da hər kəsə bəllidir. Vaxtilə Azərbaycanın Baş Qərargah rəisi işləmiş Nəcməddin Sadıqovun birbaşa Ramiz Mehdiyevin və Rusiyanın adamı olmasına dair təkzibolunmaz faktlar mövcuddur. 44 günlük müharibə zamanı Ramiz Mehdiyevin tapşırığı ilə xarici kəşfiyyatın “dəyirmanına su tökməyə” çalışan Sadıqovun Türk qardaşlarımız tərəfindən ifşa edilməsi və bundan sonra vəzifədən kənarlaşdırılması ən yaxın tariximzdə baş verən hadisədir.
Bu gün Ramiz Mehdiyev və onun şəbəkəsinə daxil olan şəxslərin əlində vaxtilə dövlətdən oğurladıqları böyük kapitallar cəmləşir, əhatələri böyükdür, hakimiyyətin müəyyən qollarında vəzifədə oturanları var. Bundan istifadə edərək Rusiya kəşfiyyatının tapşırıqlarını yerinə yetirirlər, Azərbaycanı qarışdırmaq üçün bütün yollara əl atırlar. Bir faktı da nəzərdən qaçırmaq olmaz. Təbii ki, ölkədə gedən siyasi prosesləri yaxından izləyən şəxslər bunu çox yaxşı bilir. Vaxtilə Azərbaycanın dövlət maraqlarına qarşı təxribatlar törətməyə, cəmiyyət və hökumət arasında uçuruma yol açmağa çalışan, “erməni dəyirmanına su tökən” “Milli Şura”nın yaradılmasında “Milyarderlər İttifaqı”nın böyük əməyinin olduğunu yəqin ki, çoxları xatırlayır. Bu, həmin İttifaqdır ki, Rusiyadan dəstək verilib və Ramiz Mehdiyevin “drijor çubuğu” ilə hərəkət edib. Bu fakt öz-özlüyündə Mehdiyevin Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin rəhbəri olduğunu sübuta yetirir.
Eyni zamanda Mehdiyev Azərbaycana hardan zərbə vurmaq lazım olduğunu yaxşı bilir. Onun ermənilərlə qohumluq əlaqələrinin olması isə təkzibolunmaz bir faktdır. Əllərindəki səlahiyyətlərdən istifadə edərək cəmiyyətdə ikitirəlik yaradırlar, sosial məsələlərlə bağlı narazılıqları artırmağa çalışırlar. Bütün bunların hamısı planlaşdırılan oyunun tərkib hissəsidir. Bu, Rusiya kəşfiyyatının və beyin mərkəzlərinin proqramıdır. Odur ki, bu planın tərkib hissəsinə çevrilənlər haqqında təcili tədbirlərin görülməsi çox vacibdir. Artıq Bakıdakı “Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə bu tədbirlərə start verilib. Yəqin ki, rus kəşfiyyatının əlində oyuncağa çevrilənlər haqqında da ciddi addımlar atılacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az