AZ

"BP"nin mənfəəti son 4 ilin ən aşağı səviyyəsinə düşdü - Hesabat

"BP" (BP.L) bu gün IV rüb hesabatını açıqlayıb ki, bu da gözləniləndən aşağı və son dörd ilin ən aşağı göstəricisidir. Şirkət bazar günü investor "Elliott Management"in "BP"də pay əldə etdiyinə dair xəbərlər fonunda strategiyasını yenidən quracağını bəyan edib.  

Valyuta.Az "Reuters"ə istinadən xəbər verir ki, şirkətin rüblük mənfəətinin aşağı düşmə səbəbi kimi zəif emal marjaları göstərilib. IV rübdə "BP"nin orta emal marjası bir barel üçün 13,1 dollar olub ki, bu da keçən ilin 18,5 dollar göstəricisi ilə müqayisədə əhəmiyyətli azalmadır.  

Şirkətin əsas əvəzedici dəyər mənfəəti – "BP"nin xalis gəlir üçün istifadə etdiyi göstərici – 31 dekabrda başa çatan üç ayda 1,17 milyard dollara düşüb. Ötən ilin eyni dövründə bu rəqəm 2,99 milyard dollar idi.  

Bu göstərici şirkətin analitiklər arasında keçirdiyi sorğuda proqnozlaşdırılan 1,26 milyard dollardan və "LSEG"in hesablamalarına əsasən gözlənilən 1,20 milyard dollardan aşağı olub.  

"BP", enerji qiymətlərinin stabilləşməsi və qlobal neft tələbinin azalması səbəbindən 2024-cü il boyunca gəlirlərində azalma yaşayan digər iri neft şirkətlərinin sırasına qoşulub. Halbuki "BP" öz rəqiblərindən daha zəif nəticələr göstərib və baş icraçı direktor Marri Aukinklosa dəyişikliklər etməsi üçün təzyiqlər artıb.  

Şirkətin səhmlərinin dəyəri bazar açıldıqdan sonra demək olar ki, dəyişməyib və cüzi artımla 467,90 pensə (0,6%) yüksəlib. Bazar ertəsi isə "Elliott"un açıqlanmayan pay almasının dəyişikliklərə səbəb olacağı gözləntiləri ilə "BP"nin səhmləri kəskin bahalaşıb.  

IV rübdə illik müqayisədə 61%-lik mənfəət azalması "BP"nin nəticələrini 2020-ci ilin IV rübündən bəri ən aşağı səviyyəyə endirib. Həmin dövrdə pandemiya səbəbindən tətbiq edilən karantin məhdudiyyətləri neftə tələbi azaldaraq qiymətlərin kəskin düşməsinə səbəb olmuşdu.  

"Biz indi strategiyamızı əsaslı şəkildə yenidən qurmağı və fəaliyyətimizin səmərəliliyini daha da artırmağı planlaşdırırıq. Bütün bunlar isə nağd pul axınını və gəlirləri artırmaq məqsədinə xidmət edir", – Aukinklos açıqlamasında bildirib.  

Aukinklos, sələfi Bernard Luninin 2023-cü ilin sentyabrında əməkdaşlarla münasibətlərini açıqlamadığı üçün qəfil istefa verməsindən sonra şirkətə investorların inamını bərpa etməyə çalışır. 

Rəhim

Seçilən
8
valyuta.az

1Mənbələr