Rəqəmsal manatın geniş ictimaiyyət üçün əlçatan olması nəzərdə tutulur. Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, tətbiq prosesi mərhələli şəkildə həyata keçiriləcək.Metbuat.az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Bankdan bildirilib. “İlkin mərhələdə rəqəmsal manatın məqsədləri və konsepsiyası müəyyən olunacaq. Pilot layihənin həyata keçirilməsi üçün seçilmiş maliyyə institutları və iri şirkətlərlə əməkdaşlıq qurulacaq. Məhdud dövriyyə və əməliyyat limiti tətbiq edilə bilər. Texniki infrastrukturun stabil işləməsi və təhlükəsizlik tədbirlərinin effektivliyi sınaqdan keçiriləcək”, - deyə Mərkəzi Bankdan bildiriblər.Qeyd edilib ki, sonrakı mərhələdə rəqəmsal manat geniş ictimaiyyətin istifadəsinə açıq olacaq:“Fiziki və hüquqi şəxslər gündəlik əməliyyatlarında rəqəmsal manatdan istifadə edə biləcəklər. Maliyyə inklüzivliyinin artırılması və nağdsız iqtisadiyyatın təşviq edilməsi məqsədilə rəqəmsal manatın ödəniş sistemlərinə tam inteqrasiyası həyata keçiriləcək. Regional və beynəlxalq ticarət əməliyyatlarında istifadəsi ilə bağlı perspektivlər dəyərləndiriləcək. Bütün bu proseslər maliyyə bazarının iştirakçıları ilə sıx əməkdaşlıq çərçivəsində və beynəlxalq tənzimləmə standartlarına uyğun həyata keçiriləcək”.