Bakı, TurkicWorld
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Malayziyanın baş naziri Ənvər İbrahimin iştirakı ilə iki ölkə arasında ticarət, müdafiə, enerji və media sahələrini əhatə edən 11 strateji müqavilə imzalanıb.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Türkiyə və Malayziya enerji transformasiyası sahəsində əməkdaşlığa dair razılığa gəlib. Müqaviləni Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Malayziyanın baş nazirinin müavini, enerji və suyun transformasiyası naziri Fadillah Yusuf imzalayıb.
Xarici işlər nazirləri Hakan Fidan və Məhəmməd Həsən iki ölkə arasında fövqəladə hallar sahəsində əməkdaşlığa dair anlaşma memorandumuna imza atıblar.
TÜBİTAK və Sultan Mizan Antarktika Araşdırmalar Vəqfi dənizçilik və qütb tədqiqatları sahəsində əməkdaşlıq memorandumu imzalayıb.
Türkiyə və Malayziya müdafiə məmulatlarının tədarükü və rabitə sistemləri sahəsində strateji əməkdaşlığa dair razılıq əldə ediblər. Müdafiə Sənayesi Başçısı Prof. Dr. Haluk Görgün və Malayziyanın müdafiə naziri Mohamed Khaled Nordin müvafiq sənədləri imzalayıblar.
Türkiyə və Malayziya ağıllı şəhərlər, trafik və təhlükəsizlik həlləri üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.
Türkiyə Ticarət Nazirliyi və Malayziyanın Daxili Ticarət Nazirliyi istehlakçıların hüquqlarının qorunması və bazara nəzarət sahəsində əməkdaşlıq memorandumu imzalayıb.
Desan Gəmiqayırma Zavodu Malayziyanın Daxili İşlər Nazirliyi üçün çoxməqsədli missiya gəmisinin satın alınması üzrə ilkin qəbul məktubu imzalayıb.
Son olaraq, Anadolu Agentliyi (AA) və Malayziyanın Milli Xəbər Agentliyi arasında informasiya mübadiləsini gücləndirən əməkdaşlıq memorandumu imzalanıb.