AZ

USAİD-in fəaliyyətinin dayandırılması Ermənistan üçün ciddi siqnaldır  - Kamilə Əliyeva

Yazını böyüt
Yazını kiçilt

“ABŞ Prezident Administrasiyasının USAİD-in fəaliyyətini dayandırması haqqında qərarı tək bu təşkilatın fəaliyyət dairəsinin məhdudlaşdırılması deyil, eyni zamanda, Ermənistanın uzun illərdir beynəlxalq yardımlardan sui-istifadə etməsinin nəticəsi kimi qiymətləndirilməlidir”.

Bunu hafta.az-a açıqlamasında professor Kamilə Əliyeva bildirib. O qeyd edib ki, USAİD-in Ermənistana ayırdığı vəsaitlərin əsas məqsədi guya demokratiyanın inkişafı, iqtisadi islahatların dəstəklənməsi və insan hüquqlarının qorunması olsa da, əslində bu vəsaitlərin böyük bir hissəsi başqa məqsədlərə yönləndirilmişdi. Belə ki, Ermənistan bu yardımlardan öz separatçı siyasətini dəstəkləmək, Azərbaycan ərazilərində qanunsuz fəaliyyətləri maliyyələşdirmək və beynəlxalq ictimaiyyəti aldatmaq üçün istifadə edib.

K.Əliyeva bildirib ki, USAİD-in Ermənistandakı fəaliyyəti əslində, bir çox hallarda regionda sabitliyi pozan amillərdən biri olub:

“ABŞ-ın maliyyə yardımları Ermənistanın daxili problemlərini həll etmək əvəzinə, onu daha da cəsarətləndirərək regionda destruktiv rol oynamağa təşviq edib. Ermənistan bu yardımlardan yalnız iqtisadi və sosial layihələr üçün deyil, həm də öz hərbi xərclərini dolayısı ilə dəstəkləmək üçün istifadə edib. Azərbaycanın işğal altında olan ərazilərində aparılan qanunsuz fəaliyyətlər, o cümlədən qeyri-qanuni məskunlaşmalar və təbii resursların talanması məhz beynəlxalq yardımların, o cümlədən, USAİD-in təmin etdiyi maliyyə resursları hesabına həyata keçirilib. Bundan əlavə, USAİD-in fəaliyyəti vasitəsilə Ermənistan özündə saxta demokratik imic formalaşdırmağa çalışıb. Beynəlxalq təşkilatlar və Qərb dövlətləri qarşısında demokratik dəyərlərə sadiq olduğunu göstərmək üçün müxtəlif layihələr həyata keçirilsə də, əslində Ermənistan cəmiyyətində köklü problemlər həll olunmamış qalıb. Korrupsiya, siyasi təqiblər və insan hüquqlarının pozulması halları davam edib, USAİD-in bu sahədə göstərdiyi “dəstək” isə yalnız görüntü xarakteri daşıyıb. Ermənistan hökuməti beynəlxalq yardımlardan istifadə edərək daxili siyasi rəqiblərini susdurmaq və cəmiyyət üzərində nəzarəti gücləndirmək üçün yeni mexanizmlər qurub”.

K.Əliyevanın fikrincə, USAİD-in fəaliyyətinin dayandırılması Ermənistan üçün ciddi bir siqnaldır. Onun sözlərinə görə bu, ilk növbədə Ermənistanın beynəlxalq etibarını itirdiyini göstərir:

“Ermənistan uzun illər boyu beynəlxalq yardımlardan faydalanaraq öz məsuliyyətsiz siyasətini davam etdirmiş, regionda sülh və sabitliyə təhlükə yaratmışdır. İndi isə ABŞ və digər Qərb dövlətləri bu reallığı qəbul edərək, Ermənistanın destruktiv fəaliyyətlərini dolayısı ilə də olsa, maliyyələşdirməyi dayandırır. Azərbaycan bu addımı müsbət qiymətləndirir. Çünki USAİD kimi beynəlxalq təşkilatların Ermənistana göstərdiyi dəstək, faktiki olaraq, regionda ədalətsiz bir vəziyyətin davam etməsinə səbəb olub. İndi isə Ermənistan bu yardımlardan məhrum olaraq, öz problemlərini həll etməkdə tək qalacaq. Bu vəziyyət Ermənistanı daha məsuliyyətli siyasət aparmağa məcbur edəcək və bəlkə də, nəhayət, regionda sülhə və əməkdaşlığa real addımlar atmasına səbəb olacaq.

Nəticə etibarilə, USAİD-in Ermənistandakı fəaliyyətinin dayandırılması, bir tərəfdən Ermənistanın uzun illərdir apardığı məsuliyyətsiz siyasətin ifşasıdır, digər tərəfdən isə regionda ədalətli və balanslı yanaşmanın formalaşmasına doğru atılmış bir addımdır. Ermənistan artıq beynəlxalq yardımlarla öz problemlərini ört-basdır edə bilməyəcək və bu, onun üçün ciddi iqtisadi və siyasi çətinliklər yaradacaq”.

Seçilən
23
hafta.az

1Mənbələr