Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında son zamanlar uşaqlar arasında intihar, boulinq və zorakılıq hallarının artmasının cəmiyyətdə ciddi narahatlıq doğurduğunu bildirib.
Onun sözlərinə görə, bu cür hadisələrdə günahkarı yalnız zorakılığa əl atan şəxslərdə axtarmaq doğru deyil:
"Uşaq o qədər sadə, həssas bir varlıqdır ki, onun beynini istənilən məlumatla doldura bilərik. O, bütün bunları rədd edə bilmir, buna heç imkanı da yoxdur. Dəhşətlisi odur ki, biz onu bütün bunlara tabe olmağa məcbur edirik. Hər bir uşaq doğulanda beyni təmiz, ağ vərəq kimi olur. Bəzən biz oranı o qədər lazımsız, təhlükəli, aqressiv şeylərlə doldururuq ki, nəticədə bacarıqsız, qorxaq, yararsız bir varlıq yaranır. Çox vaxt deyirik ki, ailəyə sözəbaxan, böyüklərin ağzını güdən, onların hər dediyini edən, onları təqlid edən bir övlad lazımdır. Düz edirikmi? Uşağın yaxşı insan olmasını istəmək ülvi hissdir, lakin bu, hələ kifayət deyil. "Yaxşı insan" anlayışına hansı xarakter əlamətlərinin, hansı vərdişlərin, bacarıq və adətlərin daxil olduğunu aydınlaşdırmaq, uşağı "yaxşı insan" kimi böyütməyin üsul və vasitələrini bilmək lazımdır. Ailə münasibətləri, hər şeydən əvvəl, uşaqların emosiyalarına və hisslərinə təsir göstərir. Onlar yaşa dolduqca həmin münasibətləri mənimsəyirlər. Bu zəmin üzərində də oğlan və qızların xarakteri formalaşır".
QHT sədri hesab edir ki, uşaqların düzgün tərbiyəsi yalnız ailədə deyil, həm də məktəbdə aparılmalıdır:
"Əgər söhbət müəllimdən gedirsə, onların əlində tədris proqramından savayı, bir də "Məktəblilərin tərbiyə olunmasının nümunəvi məzmunu", "Bütün tip ümumtəhsil məktəblərində və məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəyə kompleks yanaşma" proqramları vardır. Müəllim şagirdlərlə geniş tərbiyəvi iş aparmalıdır. Biz hər birimiz gələcəyimiz olan övladlara biganə yanaşmamalıyıq. Əgər biz özümüz düzlüyümüz, əxlaqımız, qayğıkeşliyimizlə nümunə olmasaq, heç nəyə nail ola bilməyəcəyik".
Pərvanə Fərhadqızı