AZ

Türkiyənin naziri: Türkmənistan qazının ölkəyə tədarükü martın 1-dən başlayacaq

Ankara, 11 fevral, AZƏRTAC

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkmənistan qazının ölkəyə tədarükü ilə bağlı müqavilənin imzalandığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin enerji naziri sosial şəbəkələrdə Türkiyənin BOTAŞ dövlət şirkəti ilə Türkmənistanın “Türkmənqaz” şirkəti arasında müvafiq müqavilənin bağlandığını bildirib.

Bayraktar imzalanan yeni sənədi “Türkiyə ilə Türkmənistan arasında enerji əməkdaşlığında tarixi mərhələ” adlandırıb.

“Türkmənistandan təbii qaz tədarükü 2025-ci il martın 1-də başlayacaq”, - deyən Albayrak, həmçinin bu addımın bölgənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyini və iki türk dövləti arasında strateji qarşılıqlı əlaqələri gücləndirəcəyini vurğulayıb.

Ankara ilə Aşqabad arasında enerji əməkdaşlığı məsələsi 2024-cü il martın 1-də Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə Türkmənistan Xalq Şurasının Sədri Qurbanqulu Berdiməhəmmədov arasında görüş zamanı müzakirə olunub. Görüş əsnasında enerji sektorunda əməkdaşlığa dair Niyyət Memorandumu imzalanıb.

Ötən ilin iyulunda A.Bayraktarın başçılıq etdiyi nümayəndə heyəti Türkmənistanda danışıqlar aparıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
4
azertag.az

1Mənbələr