AZ

“Rus evi” və bizə yedizdirilən “casus” xəbəri...

Heç kimə sirr deyil ki, Azərbaycanda Rusiyaya qarşı bir nifrət var. Haqlıyıq, Rusiyadan çox çəkmişik və çəkməkdə də davam edirik. Torpaqlarımızınişğalından tutmuş, 30 ilə qədər əsarətdə qalmasının səbəbkarı da elə məhz Rusiya olub. Əlbəttə, bu nifrətin digər səbəbləri də var, yəni siyahını uzatmaq istəmirəm. Amma bütün bunlara baxmayaraq, siyasi hakimiyyətlərin münasibətləri hər zaman üst səviyyədə olub.

Son günlər baş verənlər isə onu deməyə əsas verir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşdiyi fonu yaradılır. Cəmiyyətə dürtüşdürülən yarımfabrikat politoloqlar tərəfindən ötürülən bu xof əslində “hazır tezislər”dən başqa bir şey deyil.

Diqqət edin, proseslər beynəlxalq təşkilatların Azərbaycana qarşı total hücumlarından sonraya təsadüf edir. Və eyni vaxtda AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya ərazisində vurulur, Aktauda qəza enişi edir, aləm qarışır.

Bu hadisələrin fonunda beynəlxalq təhdilər qismən azalır, Azərbaycanda Rusiyaya qarşı “proletar hücumları” başlayır. Prezidentin məsələyə kəskin reaksiyası ilə oyun qızışır, siyasi çevrələr, mandatlılar və ümumilikdə cəmiyyət qaynayır. Və bir müddət sonra təyyarə qəzasını unutmaq “lazım” gəlir. Amma necə? Prosesə anidən “dayanın” əmri verilə bilməzdi.

Və gündəmi silkələyən “Rus evi” (“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) məsələsi ortaya atılır. O ev ki, illərdir paytaxtın ən azı 2-3 yerində lövbər salıb, kifayət qədər də aktiv fəaliyyət göstərir.

Bu evin qapadılamsı ilə bağlı Rusiyadan gələn reaksiyaların kimlərin dili ilə ifadə olunmasına diqqət edək: Konstantin Zatulin (Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini), Andrey Pinçuk (Qondarma "Donetsk Xalq Respublikası”nın (DXR) keçmiş dövlət təhlükəsizliyi naziri), Nikolay Valuyev (Rusiya Dövlət Dumasının deputatı),Yevgeni Popov (Rusiya Dövlət Dumasının deputatı, jurnalist) və digərləri...

Bu adamların hər biri davamlı olaraq Azərbaycana qarşı müxtəlif vaxtlarda radikal ilə çıxışları yadda qalıb. Bu insanlar Putinin “dili” ola bilməzlər... Putinin “dili” Peskovdur, Zaxarovadır... Sonuncular da münasibətləri gərginləşdirəcək heç bir açıqlama verməyiblər. Və artıq “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu əsas gətirilərək fevralın 3-də fəaliyyəti qapadılıb.

Və nəhayət dünən bizə yedizdirilən “casus” xəbəri...

Bu xəbərin “sujet xətti”nin də haradan qaynaqlandığı bəllidir. Təəssüf ki, sosial şəbəkələrin Azərbaycan seqmenti dərhal bu şəbəkəni təftiş etməyə başladı. Sanki tanımadığımız adamlardır! Siz heç dirilən ölü görmüsünüzmü?

Sadə insanların bu kimi xəbərlərə münsaibəti başadüşüləndir, onlar qarşılarına qoyulan yeməyi şordur, şirindir, acıdır demədən gözünə təpir. Maraqlısı odur ki, uzun müddətdir mediada və QHT sektorunda olan, az-çox siyasi prosesləri yaxından-uzaqdan izləyənlər də problemə münasibəti eyni formada sərgilədilər.

Əvvəla, belə bir şəbəkə varsa (əslində var) bu adamların adları niyə indi zikr olunmağa başlayıb? Bu insanlar təsadüfi adamlar deyil ki, gedib İordaniyadan tutub ölkəyə gətirəsən. Bunlar zatən ölkədə, hər hansı bir media onların casus olduğuna iddia edirsə, deməli, müvafiq qurumlar dərhal hərəkətə keçməli və ictimaiyyətə hesabat verməli idi. Amma biz nə görürük? Müvafiq qurumların yerinə media hərəkətə keçir və adları çasusluqda ittiham olunan sabiqlərdən ritorik sualla bir cümləlik ironik cavablar alırlar.

Gülməlidir, elə deyilmi?

Digər məsələlərə gəlincə (həvəsim yoxdur deyə, tezislər formasında qısa yazacam):

- Azərbaycanlılar Rusiyadan kütləvi deport edilir? Belə bir şey yoxdur. Rusiya Moskva vilayətindəki "Krokus Siti Hall”a hücumdan sonra ölkənin miqrasiya siyasətində köklü dəyişikliklər edir. Bu normaldır.

- Rusiyadakı oliqarx azərbaycanlılara hücumlar başlayıb? Bu barədə heç bir təsdiqlənmiş informasiyalar yoxdur. Tam əksinə, bütün varidatları ilə Putinin yanında olan azərbaycanlı oliqarxlar Rusiyanın Ukraynaya hücumunu maliyyələşdirməkdə davam edirlər. Onlar təkcə hamının tanıdığı milyonçu azərbaycanlılar deyil, xırda sahibkar soydaşlarımız belə bu prosesdə növbəyə durublar.

- Azərbaycan diasporu sıradan çıxarılırmı? Rusiyadakı Azərbaycan diasporu zatən 10 il bundan əvvəl sıradan çıxarılıb, Ümumrusiya Azərbaycanlıları Konqresi bağlanıb, onun bazasında isə regionlarda Azərbaycandan daha çox Rusiya cəmiyyətinə işləyən haça-paça mərkəzlər yaradılıb.

Və nəhayət.

Yəni siz doğurdanmı Azərbaycan-Rusiya münasibətlərinin korlandığını düşünürsünüz?

Niyaz Niftiyev



Xəbər 3 dəfə oxunub.
Seçilən
2
xezernews.az

1Mənbələr