“Məlum olduğu kimi, Fransa 26 ədəd “Bastion” zirehli transportyorunun ilk 10-nun istehsalını başa çatdırıb və onların yaxın vaxtlarda Ermənistana çatdırılması gözlənilir. Eyni zamanda Fransanın KNDS şirkəti artıq Ermənistana 155 mm kalibrli 12 “SEZAR” özüyeriyən artilleriya qurğusu verib və ilin sonuna kimi daha 24 bölmənin İrəvana göndərilməsi planlaşdırılır. Paris İrəvanı bundan sonra daha aktiv şəkildə silahlandıracaq. Fransanın müdafiə naziri Sebastian Lekornunun Ermənistana səfəri də məhz bu məqsədlərə xidmət edirdi”.
Bunu hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az -a bildirib.
Onun sözlərinə görə, Fransa başda olmaqla digər ölkələrin Ermənistanı davamlı olaraq silahlandırması onu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşdırmağa hesablanıb:
"Bəziləri hesab edir ki, Ermənistanın silahlandırılması yeni müharibə təhlükəsi yaradır. Amma bu məntiqi baxımdan mümkün deyil. Azərbaycan üçün heç bir narahatlıq yoxdur".
Polkovnikin fikrincə, Ermənistana silah-sürsat göndərilməsi onun itirilmiş gücünü bərpa etmək üçündür:
“Bu gün Ermənistan müxtəlif ölkələr tərəfindən silahlandırılır. Çünki onun silahlı qüvvələri müharibədə ağır şəkildə məğlubiyyətə uğradılıb və gücdən düşüb. Onların toparlanması üçün texniki təminat yardımı edilir. Nə qədər yardımlar olunsa da, mənasızdır. Ermənistan Azərbaycanla hərbi müstəvidə mübarizə aparmaq iqtidarında deyil”.
Sevinc,
BakuPost