“Regional nəqliyyat kommunikasiyaları ilə bağlı məsələlərdə Ermənistan və İranın mövqeləri üst-üstə düşür. Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi geosiyasi anlamda bir-birinə rəqib olan ABŞ və İranın mövqeyi ilə üst-üstə düşür, lakin Türkiyə, Azərbaycan və Rusiyanın mövqeləri ilə ziddiyyət təşkil edir. İran Zəngəzur dəhlizini istifadəyə veriləcəyi halda Azərbaycanı Naxçıvanla bağlayan və onun ərazisindən keçən tranzit yoldan götürdüyü mənfəətləri itirə biləcəyindən ehtiyat edir”.
Bunu politoloq Elşən Manafov Bakupost.az -a deyib.
O bildirib ki, ABŞ-la Ermənistan strateji tərəfdaşlıq barədə müqavilə imzaladıqdan sonra rəsmi Tehran bu ölkə ilə eyni məzmunda müqavilənin imzalanmasına ehtiyac duyub. Məqsəd isə odur ki, Ermənistan öz ərazilərindən İrana hücum üçün ABŞ-a platforma ayırmasın. Göründüyü kimi, region dövlətlərinin çoxşaxəli regional əməkdaşlığı ilk növbədə onların təhlükəsizlik maraqlarından irəli gəlir:
"Paşinyana qədər Ermənistan regional təhlükəsizlik problemlərinin həllində İranla yanaşı, Rusiya ilə strateji tərəfdaşlığa önəm verirdi. Lakin bu dövlətlərin geosiyasi maraqları Qərbin regionla bağlı maraqları ilə ziddiyyət təşkil edirdi. Paşinyana dəstək verməklə Qərb Cənubi Qafqazda geosiyasi mübarizənin gedişinə ciddi korrektələr edə bildi. Paşinyan ABŞ və Avropa Birliyinin dəstəyi ilə Ermənistanın Qərbə doğru inteqrasiya siyasətini həyata keçirməyə başladı. İndi region dövlətlərinin Ermənistana siyasi anlamda təsir imkanları artıb. Lakin Paşinyanın Ermənistanın Rusiya və İrandan iqtisadi baxımdan asılığının azaldılması üçün etdiyi cəhdlər səmərə verməyib”.
Sevinc,
BakuPost