“Ramiz Mehdiyev həmişə rus kəşfiyyatına işləyib. O, indi də keçmiş fəaliyyətini davam etdirir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib.
O bildirib ki, Ramiz Mehdiyevin öz komandası mövcuddur:
“Bu şəbəkəyə Eldar Mahmudov, Elmar Məmmədyarov, Əbülfəz Qarayev və digərləri daxildir. Onlar dövlətin adına xələl gətirməkdən ötrü hər yola əl atırlar. Təəssüflər olsun ki, bu gün Ramiz Mehdiyevin əlaltıları hələ də müxtəlif vəzifələrdə təmsil olunurlar. Mehdiyev onları Rusiya kəşfiyyatının başçısına şəxsən təqdim edir. Bunların hamısı böyük bir dəstədir, İndi bu dəstənin ifşası prosesinə start verilib. Biz dəfələrlə dövlət başçısının yanında olduğumuzu bəyan etmişik. Amma bu şəbəkənin əlində böyük kapital cəmləşdiyindən bizə onları ifşa etməyə imkan vermirlər. Ancaq Ramiz Mehdiyev vəzifədə olan vaxtlarda da demişəm ki, o, ölkəni qarışdırmaq üçün xarici dövlətlərin tapşırıqlarını yerinə yetirir. Hesab edirəm ki, Ramiz Mehdiyev və onun dəstəsinin digər üzvləri tez bir zamanda həbs edilməlidir. Çünki onlar azadlıqda qaldıqca dövlətə çox böyük ziyan vuracaqlar. Düşünürəm ki, Mehdiyevin “timsah göz yaşlarına” baxmamalıyıq və müvafiq tədbir görməliyik”.
Hafiz Hacıyevin sözlərinə görə, hazırda sərhədlərimizdə yaranan qarışıqlıqlar, daxildə baş verən müəyyən narazılıqlar Ramiz Mehdiyev və onun əlaltılarının əməlləridir:
“Onlar Rusiya kəşfiyyatının proqramını həyata keçirirlər. Xalqı narazı salmağa çalışırlar. Əbülfəz Qarayevin, Ramiz Mehdiyevin və digərlərinin milyardları var. Bu milyardlar məhz belə məkrli planların həyata keçirilməsi üçün xərclənir. Ona görə də, bu məsələlərin üzərinə ciddi düşməliyik və problemləri həll etməliyik”.
Müşviq Tofiqoğlu
KONKRET.az