Bankomatlardan pensiyaçıların pullarının oğurlanması halları davam edir. Bu halların qarşısının alınması üçün bankomatların ətrafına müşahidə kameraları quraşdırılmalıdırmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhlükəsizlik eksperti Rəşad Rza bildirdi ki, bankomatların yanında kameralar quraşdırılmasına ehtiyac var. Onun fikrincə, bankomatlar nəzarət altında olmalı, mütəmadi olaraq post-patrul xidməti nəzarət etməlidir:
"Təbii ki, nəzarət edilir, lakin nəzarət daha da gücləndirilməlidir. Amma ən əsası, kameralar quraşdırılıb müvafiq orqanlara bağlanmalıdır və oradan nəzarət edilməlidir. Ən yaxın postlara bağlanmalıdır ki, bir hadisə baş verdikdə, oradan müdaxilə olunsun".
Ekspert qeyd etdi ki, məsələnin köklü həlli üçün mexanizm dəyişməlidir:
"Müasir model mexanizmlər var ki, onlara müdaxilə etmək olmur. İstər oradan pul çıxarılması, istərsə də şifrənin sındırılması mümkün olmur. Bu səbəbdən müasir bankomatlar təsis olunmalıdır. Banklar bankomatlarını artıq daha müasir, modern bankomatlarla əvəzləməlidirlər".
Aytəkin TOFİQQIZI