“Kontakt Home” və “İrşad Electronics” mağazalar şəbəkəsinin qazilərə və şəhid ailələrinə kreditə məhsul vermədiyi ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Yenicag.az şikayətlə bağlı araşdırma aparıb və sözügedən şəbəkələrlə əlaqə qurub.
Belə ki, “Kontakt Home” mağazalar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmova həmin ittihama cavab olaraq bildirib ki, qazilər də daxil olmaqla hər bir Azərbaycan vətəndaşına illərdir kredit ayırılır.
“Bu kimi ayrı-seçkiliyimiz yoxdur. “Kontakt Home” Azərbaycanda çox asan və rahat şərtlərlə, tək şəxsiyyət vəsiqəsi ilə kredit verən təşkilatdır. Belə ittihamların heç bir əsası yoxdur”, – deyə o bildirib.
“İrşad Electronics” mağazalar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Şəbnəm Hümbətova isə sorğumuza cavab olaraq qeyd edib ki, bu kimi məsələdə qadağa ilə bağlı söhbət ola bilməz.
“Sistemə baxıldıqdan sonra mütəxəssislər tərəfindən gəlir səviyyəsini nəzərə alaraq, kreditin kimə verilib-verilməyəcəyi təyin olunur.
Bunun əsasında kredit düşməməyi mümkündür.
Belə olan halda “qaziyə kredit verilmədi” deyilməsi düzgün deyil. Nə üçün xüsusi olaraq qazilərə belə bir qadağa tətbiq edək? Bu çox ağır ittihamdır. Əksinə olaraq, biz özümüz qaziləri işlə təmin etməyə, onlara daim köməyimizi göstərməyə çalışırıq”, – deyə o bildirib.
“Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu isə Yenicag.az-a açıqlamasında onda belə bir məlumatın olmadığını deyib.
“Ümumi yanaşsaq, düzdür, qanunvericiliyə əsasən, I qrup əlillərə kredit verilmir. Ola bilər ki, gecikmə düşüb, yaxud kimsə kredit götürüb ödəməyib və s. Bu kimi məsələlərin hər biri elektron sistemdə görünür. Belə olan halda, bu, fərdi məsələ sayılır, qaziyə, müəllimə, yaxud şəhid ailəsinə heç bir aidiyyəti yoxdur. Bir sözlə, qazilərə, müharibə əlillərinə və veteranlara kredit verilmədiyi ilə bağlı konkret problemlə qarşılaşmamışam. Əgər belə hal varsa çox yanlışdır və qanunsuzluqdur”, – deyə o bildirib.
Nəsimi Ələsgərli