AZ

İraqda başından vuruldu, 17 ildən sonra şəhid statusu verildi – FOTO

Azərbaycanın İraqdakı Sülhməramlı Qüvvələrinin tərkibində xidmət edən və həlak olan azərbaycanlı Rafael Ağayevə 17 ildən sonra şəhid statusu verilib.

Bu barədə şəhidin qardaşı Səbuhi Ağayev Musavat.com-a məlumat verib.

O bildirib ki, qardaşı Rafael Ağayev 1987-ci ildə Xaçmaz rayonunda anadan olub:

“O, 2007-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. 6 ay Bakıda hərbi hissədə xidmət etdikdən sonra onu İraqa 1 illik sülhməramlı qoşunun tərkibində xidmət etmək üçün göndəriblər. Rafael İraqda xidmətini bitirməyə 4 gün qalmış, 2008-ci ildə postda olarkən başından aldığı güllə yarasından həlak olub.

Qardaşım Amerika və İraq səfirliyinin nümayəndələrinin iştirakı ilə dəfn edildi. Onun adı kənd məktəbimizə verildi. Lakin əfsuslar olsun ki, biz uzun müddət Rafaelə şəhid statusunun verilməsi üçün mübarizə apardıq. Aidiyyəti qurumlar bizə deyirdilər ki, bu, qanunvericilikdə yoxdur, onlara şəhidlik statusu düşmür.

Qanunvericilikdə göstərilir ki, şəhid statusu Azərbaycan respublikasının ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda həlak olan şəxslərə verilir. Bununla bağlı dəfələrlə yazılı formada bildirirdim ki, qardaşım dövlətimizin suverenliyi uğrunda, onun xarici hərbi siyasətini yerinə yetirərkən şəhid olub. Aidiyyəti qurumlar isə bizimlə razılaşmırdı. Buna görə də məhkəmədə iddia qaldırdım, iddiamız təmin olundu. Beləliklə, qardaşım Azərbaycanın ilk və tək suveren, beynəlmiləl şəhidi oldu. Xarici ölkədə şəhid olan ilk hərbi qulluqçumuzdur. Məhkəmə iddiamızı bu ilin yanvar ayının 31-də təmin etdi.

İraqda xidmətdə olarkən hər ayın sonu 1-2 dəqiqə danışırdıq. Sonuncu dəfə ölümünə 1 ay qalmış danışdıq. Döyüş yoldaşları danışırdı ki, postda olarkən qəfil atəş açılıb, qardaşım vurulub. Ona ilkin tibbi yardım göstəriblər, sonra helikopterlə xəstəxanaya aparılıb, lakin həyatını qurtarmaq mümkün olmayıb”.

Seçilən
12
moderator.az

1Mənbələr