AZ

İranda Məhsa Eminin ölümünün görüntülərini yayan jurnalist bəraət alıb

Bakı, TurkicWorld

2022-ci ildə İranda polis nəzarətində dünyasını dəyişən Məhsa Eminin xəstəxana görüntülərini yaydığı üçün mühakimə olunan jurnalist Nilüfər Həmidiyə qarşı irəli sürülən "düşmən ölkə (ABŞ) ilə əməkdaşlıq" ittihamı ləğv edilib və o, digər cinayətlərinə görə əfv edilib.

İTurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, islahatçı qanada yaxınlığı ilə tanınan "Sharghdaily" xəbər saytının məlumatına görə, Həmidinin vəkilləri məsələ ilə bağlı açıqlama veriblər.

Tehran İnqilab Məhkəməsi jurnalist Həmidini “ABŞ ilə əməkdaşlıq” ittihamı ilə 7 il, “milli təhlükəsizliyə qarşı cinayət törətmək fəaliyyəti ilə məşğul olmaq” ittihamı ilə 5 il və “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə 1 il həbs cəzasına məhkum etmişdi. Lakin Tehran Apellyasiya Məhkəməsinə edilən müraciətdən sonra bu qərar ləğv olunub.

Tehran Apellyasiya Məhkəməsinin yekun qərarına əsasən, Həmidiyə qarşı "düşmən ölkə ilə əməkdaşlıq" ittihamı üzrə bəraət verilib, digər ittihamlarla bağlı isə əfv edildiyi və işinin bağlandığı bildirilib.

Nilüfər Həmidi 22 sentyabr 2022-ci ildə həbs edildikdən sonra 17 ay məhbəsdə saxlanılıb və 14 yanvar 2024-cü ildə zaminə buraxılıb.

Emininin dəfni ilə bağlı reportaj hazırladığı üçün mühakimə olunan digər jurnalist Elahe Muhəmmədinin apellyasiya şikayəti üzrə qərar hələ elan edilməyib.

Xatırladaq ki, 13 sentyabr 2022-ci ildə İranın paytaxtı Tehranda "əxlaq polisi" kimi tanınan rəhbər patrullar tərəfindən saxlanıldıqdan sonra pisləşən və xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Emini sentyabrın 16-da dünyasını dəyişib.

Qeyd edək ki, onun vəfatından sonra, 17 sentyabrda məmləkəti Sakkızda başlayan etiraz aksiyaları qısa müddətdə bütün ölkəyə yayılaraq hökumət əleyhinə genişmiqyaslı nümayişlərə çevrilib. Bu hadisələr zamanı 500-dən çox etirazçının və 100-dən artıq polisin öldüyü bildirilir.

Seçilən
7
turkic.world

1Mənbələr