Fevral ayı ərzində bir sıra maraqlı smartfonların təqdim olunması gözlənilir.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, insanlar ən çox dörd modeli gözləyir.
Bunlardan biri Oppo Find N5 – yeni nəsil qatlana bilən flaqmandır.
Bu smartfon gözəl dizaynı güclü spesifikasiyalarla birləşdirərək bazarda ən nazik qatlana bilən smartfon olmağı hədəfləyir. Xüsusiyyətləri arasında 80 Vt-da sürətli simli doldurma və 50 Vt-da simsiz doldurma dəstəyi ilə 5700 mAh batareyanı qeyd etmək lazımdır. Smartfon əla performans təmin edəcək flaqman Snapdragon 8 Elite çipi ilə təchiz edilib. Bundan əlavə, smartfon suya və toza qarşı davamlılığına zəmanət verən IPX9 standartına uyğun olaraq qorunacaq.
Gözlənilən yeni məhsullar siyahısında növbəti yerdə Xiaomi 15 Ultra gəlir.
Bu smartfon əsl foto flaqman olacaq, o, dörd kamera, o cümlədən 1 düymlük matrisli əsas kamera və 200 MP təsvir ölçülü periskop modulu ilə təchiz ediləcək. Xiaomi 15 Ultra Snapdragon 8 Elite çipi və 6000 mAh batareya ilə güclü smartfon olacağını vəd edir. Sürətli doldurma dəstəyi 90W simli və 50W simsiz doldurma olacaq ki, bu da istənilən şəraitdə sürətli enerji doldurmağı təmin edəcək.
Üçüncü yerdə sub-flaqman kimi yer alan iQOO Neo 10R qərarlaşıb.
O, oyunlarda və tətbiqlərdə əla performans təmin edən Snapdragon 8s Gen 3 prosessoru ilə təchiz edilib. Smartfon həmçinin videolara baxarkən və oyun oynayarkən keyfiyyətli təsvirlərə zəmanət verən 144 Hz təzələnmə tezliyinə malik OLED ekrana sahibdir. 6400 milliamper/saat tutumlu akkumulyator cihazın enerji doldurmadan uzun müddət işləməsini təmin edəcək ki, bu da gün ərzində smartfondan aktiv istifadə edənlər üçün bir üstünlük olacaq.
Son olaraq, Vivo V50 Zeiss optikası ilə kamerası sayəsində diqqəti cəlb edir.
Bu smartfon Snapdragon 7 Gen 3 çipi və əyri OLED displeylə təchiz olunacaq ki, bu da smartfona zəriflik və istifadə rahatlığı əlavə edəcək. Korpus qalınlığı cəmi 7,2 mm olan Vivo V50 6000 mAh batareya ilə təchiz olunacaq.
Firuzə Əliyeva