Ev şəraitində hazırlanan konservləşdirilmiş məhsullardan, xüsusilə pomidor turşusundan qaynaqlanan “botulizm” qida zəhərlənmələrinin artdığı bildirilir.
Bununla bağlı tibb üzrə fəlsəfə doktoru, toksikoloq Azər Maqsudov Ajans.az-a açıqlamasında “botulizm” xəstəliyinin ağır infeksion xəstəlikdir.
"Botulizm zəhərlənməsinə “Botulizm toksini” səbəb olur. Bu toksin ya torpaqdan, ya da konserv məhsullarının hazırlanması zamanı çirkli əllərdən qidaya keçə bilər. Qida məhsulu ev şəraitində hazırlanarkən, sanitar rejimə düzgün riayət edilmədikdə infeksiya yaranır. Ev şəraitində qablaşdırılan turşularda tərəvəzlər düzgün yuyulmadıqda və ya çirkli əllərlə təmas nəticəsində botulizm riski artır. Bu da ciddi zəhərlənmə hallarına səbəb olur”.
Toksikoloq qeyd edib ki, fabrik şəraitində hazırlanmış pomidor və xiyar turşularında demək olar ki, botulizm zəhərlənməsi baş vermir:
“Fabrik istehsalı zamanı ciddi sanitar və texnoloji standartlara əməl olunur, buna görə də belə məhsullarda zəhərlənmə hallarına 99 faiz rast gəlinmir. Lakin ev şəraitində hazırlanmış məhsullarda bu standartlara nəzarət olmadığı üçün botulizm infeksiyasına yol açan şərait yaranır”.
Maqsudov vurğulayıb ki, əsas zəhərlənmə səbəbi tərəvəzlərin yaxşı yuyulmaması, konservləşdirmə zamanı əllərdən infeksiya keçməsi və məhsulun düzgün sterilizasiya edilməməsidir:
“Bu xəstəlik xüsusilə ev şəraitində hazırlanan məhsullarda çox rast gəlinir. İnfeksiyanın qarşısını almaq üçün tərəvəzlər mükəmməl şəkildə yuyulmalı, istifadə edilən qablar və əllər gigiyenik qaydalara uyğun təmizlənməlidir”, - deyə toksikoloq əlavə edib.