AZ

“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi - Yenilənib

Uşağını dayənin yanında qoyub gedən və sonradan Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilən azyaşlının anası övladını qaytarmayacağı təqdirdə sığınacağı intihar edəcəyi ilə təhdid edib.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

“Təxminən 1 il öncə ana 2 yaşlı övladını dayənin yanına qoyaraq gedib və onunla 28 gün ərzində əlaqə saxlamayıb. Dayə uşağın anasından xəbər çıxmadığını görəndə vəziyyətlə bağlı qaynar xəttimizə müraciət etdikdən sonra polis əməkdaşlarının iştirakı ilə uşaq sığınacağa yerləşdirilib.

2024-cü ilin yay ayında sığınacağımızın sakinləri Nabranda istirahət edərkən canlı açdığımız zaman bu müraciət canlıya yazıldı, biz öz tərəfimizdən müraciəti polisə və qaynar xəttimizə yönləndirdik. Ananı dəfələrlə sığınacağa dəvət etdik, gəlmədi. Azyaşlının sığınacaqda qaldığı müddət ərzində isə naməlum şəxslər müxtəlif nömrələrdən zəng edərək özlərini uşağın dayısı, əmisi və ya digər qohumları kimi təqdim ediblər.

Onlar təhdidedici ifadələr işlədərək uşağın təhvil verilməsini tələb edir, hədə-qorxu gəlir, bizi öldürəcəklərini bildirirdilər. Bu gün isə daha “maraqlı” təklif ediblər: “sakitcə, səssiz, səmirsiz ana gələcək və siz uşağı anaya izahatsız təhvil verəcəksiniz! Əks halda ana canlı yayım açacaq və hamının gözü qarşısında intihar edəcək! İntihar edərkən Kəmalə Ağazadənin bu intiharda günahkar olduğu bildiriləcək!”, - K. Ağazadə bildirib.

Sığınacaq rəhbəri Daxili İşlər Nazirliyinə müraciət edərək məsələnin ciddi nəzarətə götürülməsini xahiş edib: “Ola bilsin ki, qadın özü hansısa cinayətkarların əlindədir. Bəlkə də, bu uşaq onlara hansısa məqsədlər üçün lazımdır. Ananı ciddi nəzarətdə saxlayan “əmioğlanları”, “dayıoğlanları” var. Sığınacaqlar və onun əməkdaşları hər zaman təhdid, şantaj altında olmağını anlayır. Zatən çalışdığımız uşaqların kimlərin qurbanı olduğunu çox gözəl bilirik. Amma bu yeni üsul “şantajistlər” üçün yeni alət ola bilər.

DİN-in Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyev isə problemin araşdırıldığını bildirib. 

***

Azyaşlının anası Aysu Verdiyeva redaksiyamızla əlaqə saxlayaraq haqqında yazılanların yanlış olduğunu bildirib. Onun sözlərinə görə, övladı bir il deyil, 6-7 aydır sığınacağa yerləşdirilib: “Yazılanların hamısı yalandır, guya mən uşağımı atmışam, 28 gün maraqlanmamışam. Bu mənim birinci həyat yoldaşımdan olan uşağımdır. Halbuki, mən övladımı müəyyən problemlər səbəbindən dayəyə vermişəm və o uşağıma baxdığına görə də hər həftə ona 30-50 manat pul vermişəm. Dayə mənə dedi ki, uşağı sığınacağa qoyacaq. Dedim ki, qoymayın, onsuz da sizə pul verirəm. Onun sığınacağa yerləşdirilməsindən 1 həftə-10 gün sonra xəbər tutdum və o vaxtdan da əlaqə saxlayıb uşağımı istədim. Onlar mənə bildirdilər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməliyəm. Nazirlikdən isə bildirdilər ki, Kəmalə xanımın sığınacağına onlar baxmırlar. Yazılıb ki, guya mənimlə əlaqə saxlanılıb, mən gəlməmişəm, bu yalandır”.

A.Verdiyeva, həmçinin bildirib ki, bir dəfə uşağı ona verilmədiyinə görə intihara cəhd edib: “Mən öz övladımı geri götürmək istəyirəm, onu mənə vermirlər. Qolumda intihara cəhdin sübutları da var. Psixikam pozulub, antidepressant dərmanlar içmişəm, bu doğrudur. Mən kimisə hədələmirəm. Sadəcə, onu deyirəm ki, sabah uşağımın ad günüdür, 3 yaşı olur. O niyə sığınacaqda, tanımadığı adamların yanında ad günü keçirməlidir?! Mən intihar edəcəyəm, çünki övladım mənə verilmir...”

Seçilən
35
6
qafqazinfo.az

10Mənbələr