Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan 10 fevral 2025-ci il tarixində bu ölkənin “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair əsassız və qərəzli fikirlər səsləndirib.
Ermənistan Baş naziri Paşinyan Qərbi Azərbaycan İcmasının öz tarixi yaşayış məskənlərinə geri qayıdışı ilə bağlı beynəlxalq hüquqa uyğun tələblərini təhrif etməkdənsə, İcmanın istəyini elə onların özlərindən öyrənmək məqsədi ilə İcma nümayəndələrini qəbul etməlidir. Qərbi Azərbaycan İcması artıq xeyli vaxtdır ki, belə bir dialoqun başlanması niyyəti ilə Ermənistan hökumətinə müraciət ünvanlayıb və cavabını gözləyir.
Nikol Paşinyanın hadisələri və faktları təhrifedici formada təqdim etməsi ilk dəfə deyildir.
Vaşinqton səfərindən uğursuz qayıdan, “strateji tərəfdaşlıq” xülyası üçün yeni ABŞ Administrasiyası ilə dialoq qura bilməyən Paşinyan ardınca etdiyi Paris səfərində revanşist məqsədləri üçün yenidən dəstək aldı. İrəvana qayıdan kimi militarist niyyətlərini ört basdır etmək üçün növbəti dəfə mətbuata üzv tutdu.
Dövlət sərhdədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üçün iki dövlət arasında komissiyanın fəaliyyət göstərdiyini, bu fəaliyyət üçün komissiyanın reqlamentinin hər iki tərəfdən təsdiq edildiyini vurğulayan Paşinyan unudur ki, elə bir neçə həftə öncə Avropa İttifaqının sərhəddəki mülki müşahidə missiyası adı altında yarımhərbi və kəşfiyyat zabitlərinin fəaliyyət müddətinin uzadıması üçün onun hökuməti Brüsselə müraciət ünvanladı.
Təbii ki, Fransanın xeyir duası, Avropa İttifaqı üzvü olmayan Kanadının iştirakı ilə daha iki il müddətə uzadılan müşahidə missiyası etimada xidmət etməyən fəaliyyətini davam etdirəcək. Missiya özünün də elan etdiyi kimi, müşahidələrini aparacaq və hazırladıqları hesabatları regiondan kənar qüvvələrə təqdim etməkda davam edəcəklər.
Azərbaycan ərazilərini 30 il beynəlxalq hüquqa zidd işğal altında saxlamaqla, 700 000 Azərbaycanlını Qarabağ və ətraf ərazilərdən, 300 000 Azərbaycanlını isə Ermənistandan güc tətbiq etməklə qovaraq, etnik təmizləməyə məruz qoyması Ermənistanın dövlət məsuliyyətini yaradıb.