AZ

“İranlılara anlatdım ki, Zəngəzur yolunun açılması İranın heç yerə yolunu kəsmir...” -  ZƏRDÜŞT ƏLİZADƏ

Yazını böyüt
Yazını kiçilt

“Zəngəzur yolunun açılmasında xarici güclərdən ilk növbədə Rusiya maraqlıdır. O istəyir ki, qatarlar sovet dövründə olduğu kimi, Dağıstandan daxil olsun Azərbaycana, Azərbaycandan Araz boyu Zəngəzur yolu ilə Ermənistandan və Naxçıvandan keçməklə İrana daxil ola bilsinlər. Yadımdadır ki, sovet vaxtı deyilən marşrut üzrə Moskva-Tehran reysi ilə hərəkət edən ayrıca vaqon var idi. Hətta o zaman İranda sovet mütəxəssisi kimi işləyən qohumlardan birinin həyat yoldaşını Moskvadan həmin vaqonla Tehrana yola salmışdım. Həmin yolu 1993-1994-cü illərdəki müharibə zamanı ermənilər sökdü”.

Bunu hafta.az əməkdaşının “İndiki geo-siyasi reallıqda hansı xarici güc Zəngəzur dəhlizinin açılmasında maraqlıdır” sualını cavablandıran politoloq Zərdüşt Əlizadə söyləyib.

“Nəhayət, 2020-ci ilin 44 günlük müharibəsindəki qələbəmizdən sonra Azərbaycan o dəmir yolunu öz ərazisində Ermənistanla sərhədədək bərpa etdi. İndi isə ermənilər də həmin yolu açmağa məcburdurlar, amma o yola 10 noyabr 2020-ci il üçtərəfli sazişində qeyd edildiyi kimi, Rusiyanın nəzarət etməsini istəmirlər. Məsələ əsasən buna görə ləngiyir”, -deyə davamında həmsöhbətimiz bildirib.

“Bəs kimlər Zəngəzur yolunun açılmasını istəmir” sualına isə siyasi şərhçi belə cavab verib:

“Zəngəzur yolunun açılmasını İranın müəyyən dairələri, xüsusən də “SEPAH” istəmir. Nəyə görə istəmirlər? Ona görə ki, indiyədək İrandan  külli miqdarda narkotik məhsullar Ermənistan ərazisinə keçirilir, oradan da  ermənilər onları Rusiya və Avropaya yola salır. Və “SEPAH” həmin əməliyyat nəticəsində xeyli pul qazanır. Odur ki, bu çirkli transferlərinin qarşısının kəsiləcəyindən ehtiyatlanan İranın o dairələri deyirlər ki, guya Zəngəzur yolu açılsa, İranın Ermənistanla əlaqəsi kəsiləcək... 

İranın “Səhər” kanalının əməkdaşı bir dəfə məndən müsahibə götürəndə bu axmaq fikri səsləndirdi. Mən də cavabında gülüb dedim ki, siz hansı əsrdə yaşayırsız. Həmin yolun keçdiyi yol boyu İran-Ermənistan sərhədi cəmi 44 km uzanır. Yaxşı, fərz edək ki, deyilən ərazidən eni uzağı 10 metr olan bir məkanla dəmir yolu çəkildi. Həmin ərazidə dəmir yolunun üzərindən körpü də tikmək olar, altından tunel də çəkmək olar. Yəni onlara anlatdım ki, dedikləriniz mənasız söhbətdir. Zəngəzur yolunun açılması İranın heç yerə yolunu kəsmir. Özü də həmin dəmir yolunun Ermənistanın ərazisindən keçən hissəsi onun mülkiyyəti olacaq. Azərbaycan isə sadəcə oradan sərbəst şəkildə öz sərnişin və yüklərini daşımaq istəyir.  Bu isə İranın sərhədini kəsmək demək deyil. Üstəlik, bu həm də bizim haqqımızdır, çünki vaxtilə tarixi ədalətsizlik olub: bolşevik Rusiyası qədim torpağımız Zəngəzuru Azərbaycan bolşeviklərindən alıb Ermənistan bolşeviklərinə verməyi məsləhət görüb... Bundan sonra iranlı bəradərlərimiz söz tapmadı deməyə...”

Seçilən
17
hafta.az

1Mənbələr