“Ev tapşırığı şagird üçün nə qədər ağır, üzücü olsa da, onların asudə vaxtlarını səmərəli keçirməsində maneə yaratsa da, təəssüf ki, biz hələ ki, bu tapşırıqdan imtina etməyə tam hazır deyilik. Nə qədər ki, şagirdlərimizə dərsi məhz dərsdə tam mənimsətməyi öyrənməmişik, ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoya bilmərik”.Bunu TƏHSİL.BİZ -ə təhsil eksperti Nadir İsrafilov deyib.O bildirib ki, bu proses mərhələli şəkildə həyata keçirilə bilər. İlk mərhələ isə dərs keyfiyyətini yüksəltmək yolu ilə tapşırıqların həcmi və ağırlıq dərəcəsini azaltmaqdan ibarət olmalıdır: “Hələ ki, dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar. Şagirdlərimizi “öyrənməyi öyrətmək” metoduna yiyəndirmədikcə, bu sahədə problemlərimiz qaçılmaz olacaq. Yüksək texnologiyaların inkişafı və rəqəmsallaşmanın getdikcə daha sürətlə yayılması, başqa sözlə, yaşadığımız informasiya əsrində heç də çoxlu lazımsız və əhəmiyyətsiz məlumatları yadda saxlamaq tələb olunmur. Bunun əvəzinə məlumatı hansı mənbələrdən, nə müddətə və hansı yolla almağı bilmək zərurəti yaranır. Bu mənada, yetirmələrimizı “Öyrənməyi öyrətmək” metoduna yiyələndirmək, daha böyük önəm daşıyır”.Onun sözlərinə görə, ümumtəhsil müəssisələrinin vəzifəsi təhsilalanlara təkcə bilik vermək deyil, həm də gələcək üçün sağlam nəsil yetişdirməkdir: “Bir şeyi unuduruq ki, hər bir valideyn üçün uşağının sağlamlığı təhsilindən daha önəmlidir. Bir sıra xarici ölkələrdə şagirdlərin dərs yükünün azaldılması məqsədilə ev tapşırıqları tamamilə ləğv edilib. Bəzi ölkələrdə isə ev tapşırıqlarının həcmi minimuma endirilib. Xarici təcrübə bir yana, elə bizim kurikulum təliminə keçidimiz şagirdləri ev tapşırığından azad etmək tələbi qoyub. Düşüncənin ön plana çəkilməsi, nəzəri biliklərdən çox şagirdin bacarığı istiqamətində təhsil verilməsinə yönəlib”.Ekspert vurğulayıb ki, bu gün təhsildə dinamik dəyişikliklər, kütləvi xarakterli islahatlar aparılır, təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar formalaşır, təlim-tərbiyənin, təhsilin komponentləri, hədəf qrupları, iştirakçılar və idarəedicilər dəqiqləşdirilir, vəzifə və hüquqlar dəyərləndirilir: “Pedaqoji heyətin, müəllimlərin imkanları ilə yanaşı, alternativ imkanlar araşdırılır, ailənin, valideynin bu proseslərdə rolu və məsuliyyəti məsələsi aktuallaşır. Valideynləri təlim-tərbiyə prosesinə cəlb etmək üçün yeni modullar düşünülür, bununla belə, dərs yükünün ağırlığı, mürəkkəb və əhəmiyyətsiz ev tapşırıqları, müəllimlərin tələb etdikləri test və digər əlavə vəsaitlərin çoxluğu, təhsilimizin əsas problemlərindən biri olub və olmaqda davam edir. “Ali təhsilli valideynlər belə övladlarının ev tapşırığının həllində kömək etməyə acizdilər”- kimi ifadələr artıq cəmiyyətdə bir növ streotipə çevrilib. Uzun zamandır ki, deyilməsinə, yazılmasına baxmayaraq, yüngüllləşdirmə, şagirdlərin bilik və yaş səviyyəsinə uyğunlaşdırma istiqamətində praktik addım atılmır. Bu məsələyə ancaq açıqlamalar formasında şərhlər verilir”. Müsahibimiz əlavə edib ki, əgər sinifdə ev tapşırığı verilməsinə zərurət yaranacaqsa, müəllimdən çox yüksək bacarıq və intellekt tələb olunur ki, şagirdin qavrama qabiliyyətini düzgün olaraq qiymətləndirsin və buna uyğun ev tapşırığı versin: “Bu zaman ev tapşırığı elə səviyyədə verilməlidir ki, şagird özü də bunu anlasın. Yəni, şagird müəllimin bu tapşırığın ona sinif yoldaşlarına nisbətən irəliləməli, bilgisində olan boşluğu doldurmalı olduğuna görə verildiyini anlamalıdır. Yaxud da hamıdan yüksək bildiyini zənn edərək, daha yüksək arenaya çıxışı üçün ona yol açıb, istiqamət verildiyini başa düşməlidir”.