Polina Rəhimova beynəlxalq karyerasını başa vurması ilə bağlı hələlik yekun qərarını verməyib.
İdman.biz xəbər verir ki, Braziliya "Osasko"sunun voleybolçusu sonuncu dəfə 2023-cü il Avropa çempionatında millimizin heyətində çıxış edib.
Bir müddət əvvəl Braziliya kubokunu qazanan idmançı yığma komandadakı perspektivləri ilə bağlı hələ qərar verməyə hazır deyil: “Hələlik konkret nəsə deyə bilmərəm. Hazırda bütün diqqətimi "Osasko"nun qarşıdakı matçlarına yönəltmişəm və başqa heç nə düşünmürəm. Mövsüm başa çatdıqdan sonra bir az dincəlməyi planlaşdırıram, bundan sonra gələcək planlarımla bağlı qərar verəcəyəm”.
Rəhimovanın 2026-cı il Avropa çempionatında iştirakı istisna olunmur. Belə kalibrli oyunçu komandaya mütləq lazımdır. Çox güman ki, milli federasiya Polinanı yığmaya cəlb etmək üçün əlindən gələni etməyə çalışacaq. Şübhəsiz, baş məşqçi Faiq Qarayev də hücumçunu nəzərində tutur. Amma bunun nə ilə nəticələnəcəyini indidən söyləmək çətindir, axı Avropa çempionatına hələ il yarım var.
Avropa çempionatı dörd ölkədə - Azərbaycan, İsveç, Çexiya və Türkiyədə təşkil ediləcək. Yarımfinal və final da daxil olmaqla pley-off matçları Ankarada keçiriləcək. Bir qrupun oyunlarına ev sahibliyi etmək Bakıya həvalə olunub və qarşılaşmaların Milli Gimnastika Arenasında keçiriləcəyi artıq məlumdur.
Hazırda final mərhələsində mübarizə aparacaq 24 komandadan 12-si müəyyənləşib. Bunlar təşkilatçı ölkələr Azərbaycan, Türkiyə, İsveç və Çexiya, həmçinin Serbiya, Hollandiya, İtaliya, Polşa, Fransa, Bolqarıstan, Ukrayna və Slovakiyadır. Qalan komandalar seçmə turnirdə iştirak edirlər. İlk mərhələdən sonra Almaniya, Macarıstan, İspaniya, Sloveniya, Yunanıstan və Xorvatiya hərəyə iki qələbə ilə qruplarında liderlik edirlər. Reqlamentə əsasən, təkcə qrup qalibləri deyil, həm də öz triosunda ikinci yeri tutan yeddi komandadan beşi də qitə birinciliyinə vəsiqə qazanacaq.
Zəki Feyzullayev
İdman.biz