Roma Papası Fransisk ABŞ-ın yeni prezidenti Donald Trampın immiqrasiya siyasətini tənqid edib.
NOCOMMENT.az xəbər verir ki, o, Amerika yepiskoplarına göndərdiyi mesajda onları ayrı-seçkilik mövqeyinə boyun əyməməyə çağırıb.
Papa ABŞ-da baş verənləri yaxından izlədiyini bildirib.
“Bir çox hallarda həddindən artıq yoxsulluq, etibarsızlıq, təqib və ya ciddi ekoloji deqradasiya səbəbindən vətənlərini tərk etmiş insanların deportasiyası bir çox kişi və qadınların, eləcə də bütöv ailələrin ləyaqətinə xələl gətirir və onları xüsusi həssas vəziyyətə salır”, – məktubda deyilir.
Bundan əvvəl Tramp administrasiyası qeyri-qanuni mühacirlərin mühakimə olunmadan deportasiya edilməsinə icazə verib və həmçinin ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən ləğv edilən “Meksikada qal” proqramının bərpa olunduğunu elan edib. Bu, sığınacaq axtaranlardan öz işləri ilə bağlı qərarları ABŞ-da deyil, Meksikada gözləmələrini tələb edir.