Bakı, AzerVoice
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi görüşlər üçün həyata keçirdiyi Malayziya səfəri çərçivəsində Türkiyə və Malayziya arasında müdafiə sənayesi sahəsində üç yeni müqavilə imzalanıb.
AzerVoice xəbər verir ki, müqavilələri Türkiyə adından Müdafiə Sənayesi Komitəsinin sədri Prof. Dr. Haluk Görgün imzalayıb.
Müdafiə Sənayesi Komitəsi, Malayziya Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Şurası və Selangor Ştat Hökuməti ilə əməkdaşlıq haqqında razılaşmalar əldə edilib və ağıllı şəhər təhlükəsizliyi, yol hərəkəti sistemləri, rabitə sistemləri və digər yüksək texnologiyalı təhlükəsizlik həlləri sahələrində anlaşmalar imzalanıb.
İmzalanan müqavilələrin detalları açıqlanıb:
1. Müdafiə məhsullarının tədarükündə əməkdaşlıq
Türkiyə və Malayziya arasında müdafiə məhsullarının tədarükü üzrə ortaq komitənin fəaliyyət qaydalarına dair müqavilə Müdafiə Sənayesi Komitəsinin sədri Prof. Dr. Haluk Görgün və Malayziya Müdafiə Naziri Mohamed Xaled Nordin tərəfindən imzalanıb.
2. Rabitə sistemləri sahəsində strateji əməkdaşlıq
Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə Malayziya Milli Təhlükəsizlik Şurası arasında rabitə sistemləri sahəsində strateji əməkdaşlıq barədə müqavilə Prof. Dr. Haluk Görgün və Malayziya Milli Təhlükəsizlik Şurasının baş direktoru Raja Nuşirwan Zainal Abidin tərəfindən imzalanıb.
3. Ağıllı şəhər və təhlükəsizlik həlləri üzrə əməkdaşlıq
Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə Selangor Aviation and Technology İnnovation Sdn Bhd arasında ağıllı şəhər, yol hərəkəti və təhlükəsizlik sistemləri sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Bu müqaviləyə Prof. Dr. Haluk Görgün və Selangor Ştat Hökumətinin Baş naziri Amirudin Bin Şari imza atıb.
Bu müqavilələrlə Türkiyə və Malayziya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi hədəflənir.