Rusiya şovinizminin hədəfinə tuş gələn azərbaycanlılar — Onları nə gözləyir?
Azərbaycanlıların Rusiyaya soyuq münasibətinin boş yerə olmadığını Moskva özü də sübut etdi. Məlumdur ki, bu gün yüz minlərlə miqrant dolanışığını Rusiyadan təmin edir. Onların arasında azərbaycanlılar da çoxdur. Rusiya da illər boyu başqa ölkələrə təzyiq üsulu kimi məhz miqrantları seçir. Rusiya ya qanunu sərtləşdirməklə,ga evlərinə basqın etməklə, ya da bazarları bağlamaqla hədələyir. Artıq hədəfdə yalnız miqrant olan azərbaycanlılar deyil. Rusiya vətəndaşı olan azərbaycanlılar da bu gün Rusiya şovinizminin hədəfinə tuş gəlib. Rusiya Dumasında azərbaycanlıları ölkədən qovmaq çağırışları edilir. Özü də bu çağırışlar hakim “Vahid Rusiya” partiyası tərəfindən səsləndirilir.
Rus deputatlar Rusiya vətəndaşı olan azərbaycanlıları isə cəbhəyə göndərmək həvəsinə düşüblər.
Bəa Rusiyadakı azərbaycanlıları nə gözləyir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev Demokrat.az-a açıqlamasında bildirib ki, təyyərənin qəzaya uğraması ilə əlaqədar həqiqətləri qəbul etmək və Azərbaycandan rəsmi üzr istəyərək təzminat ödəmək, ziyanı qarşılamaq və rəhmətə getmiş insanların ailələrinə lazım təzminatı ödəmək ən asan bir yoldur:
“Rusiya rəsmləri də geci tezi özlərinə cəsarət taparaq bu yolu tutmalıdırlar. Çünki dünya tarixində yaxın dövrdə də buna bənzər çoxlu hadisələr olub ki, asanlıqla bu narahatııq aradan qaldırılıb.
Xüsusilə də unutmamalıdır ki, Azərbaycan və Rusiya arasında kifayət qədər münasibətlərinin müsbətə doğru inkişafı ilə bağlı faktlar var. Rusiyanın ən dar günlərində Azərbaycan digər keçmiş Sovet İmperiyasına üzv olan dövlətlərdən fərqli olaraq Rusiyadan üzv çevirmədi. Rusiya ilə müttəfiqlik sənədi imzaladı. Bu gün Azərbaycan Rusiyanın ən yaxın tərəfdaşlarından biridir”.
Deputat qeyd edib ki, Rusiya siyasi rəhbərliyi qətiyyən hansısa erməni lobbisinin təsiri altında olan və Rusiyanın gələcəyini düşünə bilməyən və faktiki olaraq kimlərinsə sifarişini yetirən bəzi siyasətçilərə Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa imkan verməməlidir:
“Bu yol nəticə etibarı ilə Rusiyaya heç bir fayda gətirəsi deyil. Xüsusilə də uzun illərdir ki, Rusiyada yaşayan, Rusiya dövlətinin güclənməsinə xidmət edən, yəni Rusiya iqtisadiyyatına töhfə verən azərbaycanlıların bizneslərinin əlindən alınması və yaxud da onların ölkədən çıxarılması ilə bağlı absurd fikirlər irəli sürmək, yalnız Rusiya və Azərbaycan dostluğuna xələl gətirə bilən yanaşmalardır. Bunun tirajlanmasının da qarşısı mütləq alınmalıdır.
Bir sözlə, Rusiya mediası tərəfindən tirajlanan və Rusiyanın bəzi siyasətçiləri tərəfindən çox əsası, kökü olmayan və xüsusilə də Rusiya-Azərbaycan münasibətlərinə heç bir fayda gətirməyən fikirlərin, yanaşmaların tirajlanması qəbul edilməzdir. Onlar sanki bu yolla Azərbaycana təzyiq edə biləcəklər. Bu yanaşma tamamilə yanlışdır. Azərbaycan bütün dostlarına, qonşularına həmişə sədəqətli olduğunu sübut edib. Mən düşünürəm ki, xüsusilə də Rusiyada Azərbaycan-Rusiya münasibətlərinin müsbətə doğru inkişaf etməsini istəməyən qüvvələrin söz sahibi olmasına imkan verilməməlidir. Bu, ağır və çətin dövrdə arxada qalacaqdır. Münasibətlərin gərginləşməsinə xidmət edən qüvvələr və xüsusilə də siyasətçilər və media nümayəndələri bu etdiklərindən böyük ehtimalla peşman olacaqlar.
Xüsusilə də unutmamalıyıq ki, Rusiyada hələ də Ermənistanı, erməni şovinizmini və erməni mövqeyini açıq şəkildə müdafiə edən media nümayəndələri, media qurumları var.
Bu baxımdan da biz bacardığımız qədər bu məsələlərdə hüquqi müstəvidən çıxış etməliyik və çalışmalıyıq ki, ən qısa zamanda bu soyuqluq aradan qaldırılsın.
İnanıram ki, Rusiya siyasi rəhbərliyi özündə cəsarət taparaq hansısa məmurların şıltaqlığına Azərbaycan-Rusiya münasibətlərini qurban verməyəcək. Əks təqdirdə Azərbaycanın da kifayət qədər Rusiyaya və Rusiyada bu xoşa gəlməz fikirləri tirajlayan qüvvələrə təsir etmək gücü və alətləri var. Ancaq, Azərbaycan səbrlə davranır və proseslərin hüququ müstəvidə həll olunmasını gözləyir.
İnanırıq ki, tezliklə bu münasibətlərə kölgə salmaq istəyən qüvvələr də istədiklərinə çatmayacaqlar. Münasibətlər öz normal məcrasına qayıdacaq”.
Leyla Turan
Demokrat.az