“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 5:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Qarşımızda düzgün və fəal müdafiə olunan kollektiv var idi. “Səbail”lə kubok matçında da bunun şahidi olmuşduq. Əlbəttə, bu cür oyun sxemini sona qədər qoruyub saxlamaq da asan deyil. İlk qoldan sonra oyun dəyişdi. Rəqib riskə getdi və boşluqlardan düzgün istifadə etdik. Bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm”.
Baş məşqçi komandaya qayıdan braziliyalı futbolçu Kadi Borgesin dönüşünə də münasibət bildirib: “Kadi öz komandasına qayıdıb. Kollektivə uyğunlaşma problemi olmayacaq. Sadəcə, idman formasından bir az uzaqdır. İnanıram ki, qarşıdakı bir ay ərzində onu əvvəlki formasına qaytara biləcəyik. Kadi həm kollektiv içində, həm də azarkeşlər arasında sevilir. Belə oyunçuların komandamızda olması hamımız üçün müsbətdir”.
Qurban Qurbanov Premyer Liqanın 23-cü turu çərçivəsində fevralın 16-da “Neftçi”yə qarşı keçiriləcək səfər oyununa da toxunub:
“Qarabağ”la “Neftçi”nin oyunu Azərbaycan futbolunda böyük derbidir. “Neftçi”nin stadionunda yaxşı futbol ab-havası var. Orada oynamaq həmişə xoş olur. İnanıram ki, hər iki komanda tərəfdən azarkeşləri razı salmaq üçün baxımlı oyun olacaq”.
“Səbail”in baş məşqçisi Cavid Hüseynov isə ağır məğlubiyyətə belə şərh verib:
“İki dəfə ardıcıl “Qarabağ”la qarşılaşdıq. Üç günlük aradan sonra belə bir rəqibə qarşı oynamaq bizim kimi komanda üçün çətindir. 60-65 dəqiqə çox yaxşı futbol oynadıq. Heyətimiz onsuz da kasaddır. Dünənki məşqdə 15 futbolçu iştirak edib. Zədəlilərimiz var. Qorka Larruçea xəstələnib. Dünən halı yaxşı deyildi. Marko Nikoliç iki oyundur bizə kömək edə bilmir. Fərid Nəbiyev dünən zədələnib. Geniş həyətimizin olmamasının təsiri oldu ki, gücümüzü 90 dəqiqəyə çatdıra bilmədik. Bir neçə gün öncə kubok matçı olmasaydı, bu gün 90 dəqiqə yaxşı mübarizə görə bilərdik”.