Ərkivanda şəhid adına stadion yaradılır - MASALLIDA
Masallı rayonunda şəhid adına stadion yaradılır. Ərkivan qəsəbəsinin Ramazanlı ərazisində, Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli xüsusi təyinatlı qrup komandiri, baş leytenant Sahib Şirəliyevin adını daşıyacaq yeni futbol meydançası şəhidin atası Yusif Şirəliyevin təşəbbüsü, qəsəbə xeyriyyəçilərinin dəstəyi ilə ərsəyə gəlir.
Artıq ilkin işlərə başlanılıb. İdman meydançasının ərazisi hamarlanıb, giriş qapısında şəhidin xatirə guşəsi yaradılıb, hasar boyu dekorativ ağaclar, gül kolları əkilib. İkimərtəbəli olacaq tikilinin birinci mərtəbəsində iki geyim (paltardəyişmə) otağı, hər otaq üçün sanuzel qovşağı tikintisi işləri davam edir.
Ətrafı hasarlanmış stadionda işıqlandırma sistemi, idmançılar üçün geyim otaqları, sanuzel, tamaşaçılar üçün oturacaqlar, müxtəlif idman qurğuları quraşdırılacaq, digər abadlıq-quruculuq işləri aparılacaq.
Şəhid atası ilə görüş zamanı o, bildirdi ki, nəinki böyüməkdə olan nəsil üçün, bu addım hamı üçün sevindiricidir: “İnanıram ki, gerçəkləşdirməyə çalışdığımız nəcib missiya Masallı idmanının inkişafına töhfə verəcək. Bu stadionda keçiriləcək yarışlar, turnirlər istedadlı futbolçuların üzə çıxarılmasına şərait yaradacaq.
Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, eləcə də idman şəraitinin yaxşılaşdırılmasına görə ölkə rəhbərinə, o cümlədən bu işdə dəstək göstərən hər kəsə minnətdarlığımızı bildiririk.”
“Ərkivan” (Masallı) futbol klubunun məşqçisi Ramil Həsənov əlavə etdi ki, məşhur idmançıları ilə tanınan Ərkivanda futbola da böyük maraq var: “20 minə yaxın əhalisi olan qəsəbəmizdə bir mərkəzi stadion və minifutbol meydançası var. Lakin böyük idman potensialına malik ərazi üçün bu qanedici deyil. Bu cür idman qurğularının sayı nə qədər çox olsa, bir o qədər sağlam həyat təzinin təşviqinə, uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olarıq. Ümidvaram ki, qəsəbənin Bağlaküçə ərazisində mövcud stadionun da yaxın vaxtlarda abadlaşması SSRİ idman ustası, Əməkdar məşqçi, mərhum pəhləvanımız Nadir Ağayevin ruhuna ehtiramımızın bir ifadəsi olacaq.”
Akif AĞAYEV