AZ

Bakıda banan yetişdirilir - Nəfis dad, ekoloji təmiz » AzadMedia.az


Bu gün mediadakı həmkarlarımla maraqlı məkana səyahət etdik; banan bağlarına. Banan deyəndə göz önünə Afrika, Ekvador, Hindistan gəlir. Səhf anlamayın, Biləcərini keçmədən baş tutmuşdu banan bağlarına media-turumuz. Sözügedən bağ Xəzər rayonunda yerləşən Zirə kəndində salınıb.

Banan Azərbaycanda ilk dəfə AZERA Holdinqə daxil olan “Fruitland” şirkəti aqrar şirkətinin istehsalat sahəsində yetişdirilib. Şirkətin direktoru Elnur Abdullayev media nümayəndələri ilə söhbəti zamanı qeyd etdi ki, Azərbaycanda gündəlik banan istehlakının həcmi 140-150 ton təşkil edir.
“Bizim bananların marketlərdə satılanlardan fərqi ondan ibarətdir ki, yerli mal yığıldıqdan sonra üçüncü gün satışa çıxarılır. Ancaq Ekvador, Hindistan və Afrika bananları Azərbaycanda satış üçün 40-45 günlük yol gəlir. Bu müddət ərzində bananların xarab olmaması üçün xüsusi kimyəvi maddələrdən istifadə edilir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vətəndaşları tərkibində kimyəvi maddələr olmayan məhsullarla təmin edirik”, - deyə sahibkar bildirir.

Son illər Azərbaycanda banan yetişdirmək üçün çoxlu cəhdlər edilib, lakin buna yalnız Elnur müəllimin şirkəti nail olub. Çoxları istənilən iqlimi, gübrəni və suyu düzgün təşkil edə bilməyib. Biz yerində məhsulların dadına baxdıq, bildirildi ki, bizə təqdim edilən bananlar 3 gün öncə yığılıb. Banan dada 4 günə gəlir. Hələki Ocean mağazalar şəbəkəsində təklif edilən bananı tezliklə bütün supermarketlər şəbəkəsində görə biləcəyik. 1 kiloqramı 3 manata təklif edilir. Zamanla qiyməti bazar tənzimləyəcək.
Şirkət rəhbəri qeyd etdi ki, şirkəti birinci mərhələdə banana olan daxili tələbatı ödəmək, sonra isə bananın xarici bazarlara çıxarılmasına başlamaq niyyətindədir. Hələki dövlət tərəfindən subsidiya verilməyib, çünki banan siyahıda yoxdur, bananın Azərbaycanda yetişdirilməsi bir ilkdir.
Banan bağını gəzərkən məlumat verildi ki, ötən ilin yanvarında 10 hektarı əhatə edən ərazidə 17 mindən çox banan ağacı tingi əkilib. Budur, ekzotik meyvə ilk məhsulunu verib. Budaqlarda bananlar "gəl məni dər" deyirdi. Hələki hər ağacdan 25-30 kq banan dərilir. Zamanla artacağı bildirildi, daha doğrusu hədəf 100 kq.
Pöhrələr Azərbaycana Türkiyədən gətirilib. Bildirildi ki, Türkiyədə banan tədarükü tələbin 30 faizini ödəyir. Əsasən Akdənizdə, Mersin və Antalyada banan tədarükü geniş yayılıb. Bananları dərmək üçün uyğun vaxt sentyabrdan fevrala qədərdir. Bunu Türkiyədən gələn mütəxəssislər bildirdi. Bananlar əcnəbi mütəxəssislərin köməyi olmadan yetişdirilib. Bağda kənd camaatı da işə götürülüb. Bu, həm də işsizliyin aradan qaldırılmasına dəstəkdir. Banan bağının salınması üçün Türkiyədən işinin peşəkarı aqronom Hacı Murad Bəkrsoy və komandası Azərbaycana dəvət olunub və onun nəzarəti altında 2 hektar istixanada tinglər əkilib. Bananlar isti, rütubətli iqlimi sevir. Buna görə ərazi izolyasiya edilib.


Türkiyədən gələn mütəxəssis Hacı Murad Bəkrsoyun sözlərinə görə, bitkinin rahat inkişaf etməsi üçün 12 dərəcədən yuxarı temperatur lazımdır. Bu gün şahidi olduq ki, banan Abşeron yarımadasının şor qumlu torpağında belə bitə bilər. Berksoy qeyd etdi ki, istək olsa, dağın başında belə banan yetişdirə bilər. O, işğaldan azad edilən ərazilərdə də meyvəçiliyin inkişafına tövhə verir. Yəqin qarşıdakı illərdə Qarabağ zonasında salınacaq banan bağlarına media-tur da bizi gözləyir. Banan bağında xüsusi gübrələrdən istifadə olunub. Ağacların dibində görmək olurdu gübrələri. Berksoy təxminən 30 ildir ki, Türkiyədə banan yetişdirsə də, Azərbaycanda ilk dəfədir ki, bunu sınaq edir. Nəticə ürəkaçan idi. Tinglərin gətirilməsindən, meyvə dəriminə qədər olan bütün prosesə nəzarət edir.
Hər bir banan ağacı beş il meyvə verir. Məhsul verən müddət yandan bir pöhrə çıxır, məhsul verəndən sonra məhsul verən tərəf kəsilir, digər pöhrə bar gətirir, bu minvalla 5 il 1 tingdən meyvə götürmək olar.
Yerli istehsalın artması həm sahibkara, həm iqtisadiyyata, həm vətəndaşa sərf edir. Necə deyərlər, hamı yerli banan alsın, özümüzkülər qazansın!
Elnurə Abuşova






Seçilən
4
1
azadmedia.az

2Mənbələr