AZ

Yer kürəsi 1,5 dərəcə Selsi istiləşmə dövrünə qədəm qoyur

Beynəlxalq alimlər qrupu 2024-cü ildə qlobal temperaturun rekord həddə çatacağını müəyyən edib. Bu, planetin 1,5°C-dən çox istiləşmə dövrünə girdiyinə dair siqnal ola bilər. 

Valyuta.az xəbər verir ki, tədqiqat 2Nature Climate Change" (NCC) jurnalında dərc olunub.

Paris sazişi ilə müəyyən edilmiş 1,5°C həddi iqlim risklərinin qiymətləndirilməsində əsas rol oynayır. Temperaturun daha da yüksəlməsi daha tez-tez ekstremal hava hadisələrinə, dəniz səviyyəsinin qalxmasına və bir çox növlərin nəslinin kəsilməsinə səbəb olur.

Oreqon Universitetinin professoru Uilyam Ripple deyib: "Bir dərəcənin hər bir əlavə hissəsi daha çox ekstremal hava və biomüxtəlifliyin itirilməsi deməkdir".

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2024-cü il qlobal temperaturun 1,5°C-dən çox olacağı ilk tam təqvim ili olacaq. Bununla belə, Paris sazişi həddinin rəsmi olaraq aşılması 20-30 il ərzində orta qiymətlə müəyyən edilir. Hazırda orta temperatur təxminən 1,3°C artıb ki, bu da son 125.000 ildəkindən yüksəkdir.

Tədqiqatçılar qrupu kompüter modelləşdirməsindən istifadə edərək, birdəfəlik 1,5°C-dən artıq temperaturun uzunmüddətli iqlim dəyişikliyinə erkən xəbərdarlıq kimi xidmət edə biləcəyi qənaətinə gəliblər. Onlar hesab edirlər ki, 2024-cü il artıq bu həddi keçibsə, dünya çox güman ki, 20 illik 1,5°C istiləşmə dövrünə qədəm qoyub.

"2024-cü ildə bu həddi keçmək o deməkdir ki, yaxın 10 ildə bəşəriyyət istixana qazlarının emissiyalarını azaltmaq üçün təcili tədbirlər görülməsə, bu həddi rəsmən keçəcək", deyə tədqiqat müəllifləri yekunlaşdırıblar.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin hesablamalarına görə, temperaturun 1,5°C daxilində saxlanılması qlobal istiləşmənin ən fəlakətli nəticələrinin qarşısını alacaq. Bununla belə, 2024-cü il artıq gələcəyin mümkün reallığını göstərdi: dağıdıcı qasırğalar, yanğınlar və daşqınlar böyük iqtisadi ziyana səbəb olub.

Alimlər xəbərdarlıq edirlər ki, 1,5°C istiləşmə mərcan riflərinin 90%-ni məhv etmək təhlükəsi yaradır və quru növlərinin 14%-nin nəsli kəsilmək riskini artırır. Temperatur 2°C-ə qədər yüksəlməyə davam edərsə, bu, Arktika buzunun və əbədi donun əriməsinə, metanın buraxılmasına və qlobal dəniz səviyyəsinin bir neçə metr yüksəlməsinə səbəb ola bilər.

"Təcili tədbirlər görülməsə, 2024-cü il anomaliyalar ili kimi deyil, risklərin yalnız artacağı yeni iqlim erasının başlanğıcı kimi yadda qalacaq", deyə professor Ripple bildirib.

Paşa Məmmədli
 

Seçilən
17
valyuta.az

1Mənbələr