AZ

BƏƏ-də IDEX və NAVDEX 2025 sərgiləri keçiriləcək

Qahirə, 11 fevral, AZƏRTAC

Fevralın 17-dən 21-dək Əbu-Dabidə 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEX) və 8-ci Beynəlxalq Dəniz Müdafiə Sənayesi Sərgisi (NAVDEX) və konfransları öz işinə başlayacaq.

AZƏRTAC BƏƏ Xəbər Agentliyinə istinadla bildirir ki, tədbirlərdə dünyanın böyük müdafiə sənayesi şirkətlərinin təmsilçiləri, tanınmış mütəxəssislər iştirak edəcəklər.

Tədbirlər çərçivəsində kibertəhlükəsizlik, kosmosda təhlükəsizlik, müdafiə hazırlığı və s. mövzular müzakirə ediləcək, müdafiədə çevikliyin artırılması, qlobal çağırışlara aktiv cavab verilməsi üçün yeni həllər təqdim olunacaq. Həmçinin yüksək texnologiyaların və beynəlxalq əməkdaşlığın müasir müdafiə sisteminin yenidən qurulmasında rolu müzakirə predmeti olacaq.

Sərgilər, həmçinin davamlı strateji tərəfdaşlıqların qurulması, müdafiə və təhlükəsizlik sahələrində etibarın və beynəlxalq əməkdaşlığın yaradılması üçün yaxşı platformadır.

Qeyd olunur ki, bu il IDEX və NAVDEX sərgilərində 65 dövlətdən 1565 şirkət öz məhsulunu nümayiş etdirəcək. Bu, ötənilki göstəricilərdən 16 faiz çoxdur. Bu il sərgidə 730-dan çox yeni şirkət iştirak edəcək.

Eyni zamanda, sərgilərdə 41 milli pavilyonda müdafiə sənayesi məhsulları nümayiş olunacaq. Sərgilərdə ilk dəfə Qətər, Efiopiya, Macarıstan, Latviya, Litva, Rumıniya və Kipr təmsil olunacaq. Sərgilərdə kimyəvi, bioloji, radioaktiv və nüvə təhlükələri və partlayıcılarla bağlı CBRNE adlı maarifləndirici xüsusi platforma yaradılacaq. Burada 13 dövlətdən 38 şirkət iştirak edəcək.

“IDEX” və “NAVEX” sərgilərində müdafiə sənayesinə aid 3300-dən çox texnika və məhsul təqdim ediləcək.

 
Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
16
azertag.az

1Mənbələr